Mişustin Azərbaycana gəlir

Rusiyanın baş naziri Mixail Mişustin martın 5-6-da Azərbaycana səfər edəcək. Xəbəri “İnterfaks” agentliyi Rusiya hökumətinin mətbuat xidmətinə istinadla yayıb.

Mişustinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi, baş nazir Əli Əsədovla danışıqlar aparacağı gözlənilir.

Məlumatda deyilir ki, görüşlərdə Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunacaq, energetika, nəqliyyat, sənaye, mədəniyyət-humanitar və digər sahələrdə birgə layihələrə xüsusi diqqət ayrılacaq. Bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanacağı planlaşdırılır.

İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ikitərəfli əlaqələrin inkişafını koordinasiya edən əsas mexanizm olduğu vurğulanır. Baş nazir müavinlərinin sədrlik etdiyi komissiya ötən ilin iyulunda Moskvada görüşüb.

Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarındandır. Hazırda Azərbaycanda min 400 Rusiya iştiraklı müəssisənin, onlardan təxminən 300-nün 100 faizli Rusiya kapitalı ilə işlədiyi qeyd edilir.

2023-cü ildə Azərbaycana Rusiyanın birbaşa investisiyaları 295 milyon dollar təşkil edib, Böyük Britaniya, Türkiyə və Kiprdən sonra dördüncü yeri tutub.

Rusiya hökuməti qeyd edir ki, iki ölkənin nəqliyyat-logistika sahəsində əməkdaşlığına xüsusi diqqət ayrılır. Rusiya və Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən “qərb” marşrutunu birgə inkişaf etdirirlər.

Fevralın 28-də Rusiyada iki ölkə arasında regionlararası forum keçirilib.

Bu ilin yanvarında isə Rusiya -Azərbaycan əməkdaşlığının inkişafı üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Əvvəlki yol xəritələri 2018-2023-cü illəri əhatələyirdi.

Ötən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə iki dəfədən çox artaraq 4.3 milyard ABŞ dollarını ötüb. Ümumi yükdaşımaların həcmi 87 faiz, tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb.

Azərbaycan 2022-ci ildə Rusiya ilə müttəfiqlik bəyannaməsi də imzalayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button