Navalnı bu gün dəfn olunur

Martın 1-də rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə Moskvada vida mərasimi keçiriləcək və o, dəfn olunacaq. Artıq adamların iştirakını əngəlləməyə yönəlik təhlükəsizlik tədbirlərinə, digər taktikaya əl atılıb.

Navalnının sözçüsü Kira Yarmış X platformasında yazıb ki, mərasim yerli vaxtla saat 2-də vaxtilə Navalnının yaşadığı Maryino rayonunda Müqəddəs Məryəmin İkonası Kilsəsində başlayacaq.

“Bütün dirənişə baxmayaraq, Aleksey ilə vida sabah baş tutacaq. Vida mərasimi 14:00-da, dəfn 16:00-dadır. Moskvadasınızsa, gəlin”, – Yarmış yazıb.

O, dəfnin YouTube-da canlı yayımlanacağını sözlərinə əlavə edib.

Mərasimə nə qədər adamın gedəcəyi, hakimiyyətin kütləyə necə nəzarət edəcəyi aydın deyil.

Rusiyada Navalnının xatirəsini güllə yad edən yüzlərlə insan artıq saxlanılıb.

Rusiyanı tərk etmiş tanınmış mülki hüquqlar vəkili İvan Pavlov deyib ki, hakimiyyət dəfnə “arzuolunmaz kütləvi tədbir” kimi baxacaq, iştirakçılığı azaltmağa çalışacaq.

“Əminəm ki, hər tərəfdə polis kordonları qurulacaq, videomüşahidə aparılacaq. Profilaktik tədbir olaraq onlar fəalları polis şöbələrinə çağıracaqlar, evlərinə gedərək onlara xəbərdarlıq verəcəklər. Bunu artıq görmüşük”, – o deyib.

Vida mərasimindən sonra Navalnı Moskva çayının digər tərəfində, kilsədən iki km məsafədə yerləşən Borisovskoye qəbiristanlığında basdırılacaq.

AzadlıqRadiosunun rus xidməti artıq qəbiristanlıqda və yaxınlıqdakı metro stansiyasında təhlükəsizliyin gücləndirildiyini xəbər verir. Qəbiristanlıq ətrafındakı küçə lampalarında təhlükəsizlik kameraları quraşdırılıb.

“RusNews” və “Mojem Obyasnit” Telegram kanalları qəbiristanlığa girişin məhdudlaşdırıldığını yazırlar.

Navalnının Antikorrupsiya Fondunun keçmiş başçısı İvan Jdanov bildirib ki, dəfnə yalnız qohumların buraxılacağı barədə mediada şayiələr dolaşır: “Bizdə belə informasiya yoxdur. Bildiyimiz odur ki, kilsə hamıya açıq olacaq”.

Navalnının komandası Kremlin tənqidçisinin bütün dünyadakı tərəfdarlarına müraciət ediblər ki, yaşadıqları ərazilərdə axşam saat 7-də bir yerə yığışsınlar.

47 yaşlı Navalnı fevralın 16-da Rusiyanın uzaq Arktika həbsxanasında vəfat edib. Onun nəşi anasına fevralın 24-də təhvil verilib. Müxalifətçinin təbii səbəblərdən öldüyü açıqlanıb.

Anası Lyudmila Navalnaya deyirdi ki, rəsmilər oğlunun harada, necə dəfn olunması ilə bağlı şərtlər irəli sürmək, onun sakitcə dəfn olunmasına çalışıblar.

Tərəfdarları siyasətçinin öldürüldüyünü deyirlər. Onun xanımı Yuliya ərinin işini davam etdirəcəyini deyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button