Islam partiyasının sədr müavini həbsdən azad edildi

08.06.2012

Azərbaycan İslam Partiyası sədrinin müavini Arif Qəniyev vaxtından əvvəl azadlığa buraxılıb. Məlumatı “Media forum” saytına vəkil Anar Qasımlı verib.

Vəkilin sözlərinə görə, Arif Qəniyevin azadlığa buraxılması ilə bağlı məhkəmə qərarı iyunun 5-də qəbul edilib və iyunun 6-da islamçı azadlığa çıxıb: “Hazırda keçmiş məhbus Sumqayıtda, evindədir və mətbuata çıxmaq istəmir. Bir qədər dincəlməyə ehtiyacı var”.

Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi onu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Arif Qəniyev birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməyib.

İslamçı Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.

mediaforum.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button