
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun açıqlaması
Belə demək mümkünsə, yalan Ermənistanda dövlətin başında kök salıb. Ölkənin idarə edilməsi yalan və uydurmalara əsaslanır. Daxili vəziyyətin gərginliyi də məhz buna əsaslanır. Əhalinin vaxtaşırı məlumatlandırılmaması, itkilər və uğursuzluqlar barədə faktların gizlədilməsi etirazları bir qədər də gücləndirib. Ermənistan rəhbərliyi cəbhədəki döyüşlərdən sonra vəziyyətdən çıxış yolu kimi, yalan və uydurma məlumatları genişləndirməyi özü üçün başlıca hədəfə çevirib.
Bunu ölkənin informasiya vasitələrində dərc olunan fasiləsiz dezinformasiyaların mahiyyətindən aydın görmək olar. Öncə qeyd etdiyimiz kimi, bu yalanların istehsalı məsələsinə artıq Ermənistan prezidenti Serc Sərkisyanın özü qoşulub, necə deyərlər, kampaniyanın başında özü dayanır. Həm öz xalqını, həm də beynəlxalq qurumları xəcalət hissi çəkmədən aldatmağa çalışır. Görünür, çarəsi yoxdur. Ona görə də bu cür utandırıjı işlərə əl atır. Ölkədəki bütün iqtisadi mexanizmlər, sosial münasibətlər alt-üst olub. NATO-nun Çikaqo Sammitində Azərbaycanın əldə etdiyi yüksək nəticə və Ermənistanın son hərbi uğursuzluqları ölkədə hansı vəziyyətin tüğyan etdiyini təsəvvür etməyə imkan yaradır. Serj Sərkisyanın işğalçı maskası, demək olar tamamilə yırtılıb.




