
Nərimanov rayon məhkəməsinin hakiminin əri dələduz çıxdı
Kim deyir ki, Allah yoxdur?
“Xural” qəzetini dəfələrlə yersiz və əsassız cərimələdən, son dəfə isə həddini aşaraq, “burda mənəm, Bağdadda kor xəlifə” deyən Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyevanın halal əri Kənan Quliyev sən demə dələduzluqla məşğulmuş. Bu adamın işi-peşəsi ev satmaq adı ilə camaatı aldadıb, onlardan külli miqdarda pul yığmaq olub. Bütün vəzifəli şəxlərin adından istifadə edib. Arvadı Sevinc Quliyevanın Nərimanov rayon Məhkəməsinin ən “xod gedən hakimi” olduğunu, onun yolunu kəsəcək, nəhayət əməllərinə görə cəzalandıracaq bir “qul oğlu qul” olmadığını hamının gözünə soxub.
Kimdir Sevinc Quliyeva?
“Xural”ın başına gətirilən siyasi sifarişlərin əsas icraçılarından biri olan Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva, düz üç dəfə “Xural”la bağlı sorğu-sualsız və ədalətsiz hökm çıxarıb. İlk dəfə onu Nüşabə Ələsgərli ilə olan məhkəmənin iclasında üzləşdik. Hakimə yaraşmayan və heç bir peşə etikasına sığmayan dərəcədə cavabdehlərlə bağıra-bağıra danışaraq, tərəf nümayiş etdirən Sevinc Quliyeva o hakimdir ki, cəmi 6 dəqiqəyə 30.000 işarəlik qərarla zala qayıdıb. Təsəvvür etmək belə çətindir. “Azərbaycanın milli dəyərlərini İTV ekranlarından milyonların qarşısında yerə vurmağa çalışan” Nüşabə Ələsgərliyə üç ilə 100 manat cəriməni ödəyə bilməyən “Xural”ın bu cəriməsini Sevinc Quliyeva çıxardığı hökmlə cəmi 6 dəqiqə ərzində 3 min manata qaldırır. Belə hökmü oxuyan bu hakim Nərimanov rayon məhkəməsinin üzqarasından başqa bir şey deyil. Bu adama, belə hakimə nə deyəsən? Qanun tanımır, riyazi hesabdan anlayışı yoxdur, hamını ən yaxın adamı kimi dələduz gözündə görür. Ona elə gəlir ki, bir özünü güclə maliyyələşdirən qəzet üçün 6 ayın çap xərcini bir mahnıoxuyana ödəmək zavallı bir qərardır. Qürur duyur. Məhkəmədə bu “Allahsız hökm”ü oxuyanda xuralçılar onun necə qürur duyduğunun şahidi oldular. Hələ “görən belə bir gün bunun özünə də qismət olacaqmı?” düşüncəsi ilə qanun tanımayan məmləkətin, gömrükdən keçə bilməyən Allahına üz tutdular, “Alah cəzasını versin!” deyə.
Bu qərardan az sonra siyasi sifarişlər silsiləsində “Xural” qəzetinin əmlakının müsadirə olunması qərarı gəldi. 19 oktyabr 2011-ci il tarixində, yəni Gülər Əhmədovanın Ə.Zeynallı haqqında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etdiyi gün Sevinc Quliyevanın sədrliyi ilə keçən məhkəmədə “Xural” qəzetinin əmlakının həbs edilməsi və tələbin həmin əmlaka yönəldilməsi barədə qərar qəbul edilir. Burda deyirlər ki, fərasətinə şükür. Bunu ardınca baş redaktor Əvəz Zeynallı siyasi sifarişlə həbs olunur. Bir daha Sevinc Quliyevanın əlinə Bakı-Baltika MMC-nin sabiq baş direktoru Adam Tlexurayın iddia ərizəsi keçir. Bu dəfə də Tlexurayın millətimizə qarşı yönləndirdiyi “zəhərləndirmək yolu ilə pul qazanmaq” prinsiplərinin müdafiəsinə qalxan Sevinc Quliyeva artıq fəaliyyət göstərməyən bir qəzeti 50 min manat cərimələndirir. Nə qəzetin yazdıqlarını araşdırır, nə də qəzetin müdafiəçilərinə məhkəmənin keçiriləcəyilə bağlı bildiriş göndərir. Necə istəyir, elə də eləyir.
Halbuki həbs olunmamışdan əvvəl Əvəz Zeynallı bu məsələ ilə bağlı keçirilən hazırlıq iclasında Sevinc Quliyevaya qarşı vəsatət qaldırmış, onun bundan sonra “Xural”la bağlı işlərə baxmasına etiraz etmişdi.
Zəruri qeyd: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1.3. maddəsinə əsasən, Sevinc Quliyevanın əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində yeni açılmış hallar üzrə işə baxması yolverilməzdir. MPM-nin 19.2.3. maddəsində göstərilir ki, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa onun işə baxmasına qanunla yol verilmir.
Lakin Sevinc Quliyeva əsassız səbəblər gətirməyə çalışır və əlinə düşən fürsətdən bu dəfə də faydalanır. Sifarişçilərə yarınmağın bundan gözəl yolu ola bilərmi? O “Xural”ın üzərinə maksimum həddə cərimə yükləyir, özü də “Xural”ın vəkilinin iştirak etmədiyi bir məhkəmə iclasında. İclasın keçiriləcəyilə bağlı “Xural”ın müdafiəçilərinə məlumat verilməməsinə bəhanə olaraq, telefonla deyilir ki, “Biz ünvanı və əlaqə telefonlarını bilmirdik”. “Qanunu ki bilirsiniz? Bilirsiniz ki, qarşı tərəfin iştirakı olmadan, ən azı məhkəmə araşdırması aparılmadan heç kəsi ittiham etmək olmaz…” kimi etirazlara S.Quliyevin köməkçi-katibəsi belə cavab verir, “xoşunuza gəlmir, apellyasiya şikayəti verin və bizim səhv qərar verdiyimizi sübut edin!” “Əlbəttə sübut edəcəyik. Ancaq etdiyimiz sübutlar Sevinc Quliyevanı qərəzli mövqe tutaraq hökm çıxardığı üçün tutduğu vəzifədən azad edəcəkmi?” İndi məlum olur. Qaranlıqlar aydınlaşır. Bir ocaqda, bir yastıqda qarıyan bu insanlar üçün qanunun aliliyi həqiqətən də yox imiş. Olsaydı heç olmasa cinayət əməlləri törətməzdən əvvəl düşünərdilər. Belələri şəxsi mənafeləri naminə dövlətin təməlinə belə zərbə vurmaqdan çəkinmirlər…
Sevinc Quliyevanın ömür-gün yoldaşı Kənan Quliyevin neçə nəfəri aldatmasını, neçə ocağı söndürməsini məhkəmələr araşdıracaq. Ancaq bizi narahat edən bir sual var: Yeri-göyü tanımayan, bir nəfəsə ağlasığmaz hökmlər oxuyan, insanların taleyi ilə oynayan bu ər-arvad haqlı cəzalarını layiqincə alacaqlarmı? Yoxsa bir-iki araşdırmadan, bir-iki üzgörənlikdən sonra “günahsızlıqları” təsdiqlənəcək? Belə olmasına İnanmaq istəməzdik. Çünki insanlığını itirənlərə də Allahın öz hökmü var. Əvvəl-axır bu hökmdən heç kəs canını qurtara bilmir. Bilməyəcək!!!
Şəfa
Əlaqəli məqalə
http://gundelik-baku.com/index.php?newsid=5526




