Azərbaycanla Ermənistan arasında sərhədlə bağlı altıncı görüş olub

Bugün, yanvarın 31-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında gerçəkləşib.

Amma görüşün detalları, hələlik, açıqlanmır. Yerli mediada bu iclasın Ermənistan-Azərbaycan sərhədində – Qazaxda keçirildiyi bildirilmişdi.

Tərəflər arasında bundan əvvəl belə bir görüş (beşinci) ötən il noyabrın 30-da gerçəkləşmişdi.

Həmin görüşdən sonra açıqlanmışdı ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Habelə vurğulanmışdı ki, görüşdə komissiyalar arasında iclasların, birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb.

Bu iki ölkə arasında son illər həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları da aparılsa da, hələlik, nəticə əldə edilməyib.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə qısa müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button