
2010-cu il daşqınlarının ləğvi ilə bağlı dövlət qurumlarının hesabatlarında fərqlər aşkarlanıb
“Park İnn” otelində 2010-cu il daşqınlarının nəticələrinin ləğvi üçün ayrılan büdcə vəsaitinin iqtisadi qiymətləndirilməsi üzrə hesabatın təqdimatı olub.
Hesabatı Milli Büdcə Qrupu (MBQ) (www.contact.az/advertisements/Kur-MBQ/Kur-MBQ_az.htm) qeyri-hökumət təşkilatının ekspertləri “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının sifarişi ilə hazırlayıblar. Araşdırma 2010-2011-ci illərdə daşqından dəyən zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsinin effektivliyinin və şəffaflığının qiymətləndirilməsi, həmçinin ictimaiyyətin məlumatlandırılması məqsədilə aparılıb. Bu müddətdə Aran zonasında daşqının nəticələrinin aradan qaldırılmasına 460,9 mln. manat ayrılıb.
Hesabat müəllifləri – iqtisadçılar Qubad İbadoğlu və Məhəmməd Talıblı 300 mln. manatın xərclənməsi ilə bağlı idarələrin hesabatlarında fərq aşkar ediblər. 13 mln. manatın xərclənməsi və kompensasiyaların verilməsinə dair məlumat yoxdur. Məlum olub ki, 1 km. yolun inşası və təmiri dövlət büdcəsinə $355 min, 1 km. dəmir yolu isə $520 minə başa gəlib. Evlərin tikintisi üzrə vəsaitin xərclənməsinin qiymətləndirilməsində ciddi problemlərin olması üzə çıxıb. Daşqın zonasında vəziyyətin qiymətləndirilməsini həyata keçirən Hollandiyanın Deltares şirkətinin ayırdığı qrantın taleyi məlum deyil. MBQ dövlət qurumlarına şəffaflığı və hesabatlılığı gücləndirməyi, daşqından zərər çəkən fermerlərə güzəştli kreditlər ayıtmağı, kompensasiya alan adamların adlarını və kompensasiyaların həcmini FHN və Rabitə Nazirliyinin saytlarında yerləşdirməyi tövsiyə edib. Hesablama Palatasına tövsiyə edilib ki, dövlət vəsaitlərinin xərclənməsinin ciddi təhlilini aparsın və ictimaiyyətə hesabat təqdim etsin.
Rəy müəllifləri qeyd ediblər ki, MBQ hökumətdən görülən işlər barədə hesabat və zərər dəymiş rayonlarda ictimai dinləmələrin keçirilməsini gözləyir. Həmçinin MBQ “Kür” qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsdən azad olunmasına və vəziyyətin monitorinqinin davam etdirilməsi üçün lazımi şəraitin yaradılmasına çağırıb.
Təqdimatda vətəndaş cəmiyyətinin, KİV nümayəndələri, Sabirabad, Saatlı və İmişli rayonlarının sakinləri iştirak ediblər. Dəvət olunmuş dövlət qurumlarının nümayəndələri dəvətə məhəl qoymayıblar ya da hansısa səbəb göstərərək tədbirdə iştirak etməyiblər.
http://contact.az/docs/2012/Social/06056386az.htm




