Peter Mixalko həbs edilmiş jurnalistlərə rəftardan “şok”a düşdüyünü deyir

Yayımlandı: 17 Yanvar 2024 13:00

Ayxan Hacızadə tənqidi qəbul etmir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko (Michalko) jurnalistlərə qarşı kobud rəftardan “şok” olduğunu bildirib.

“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı münasibət məni şok edib. Onlar məhkəmə zalına əlləri qandallanmış vəziyyətdə gətirilir, zaldakı şüşə qəfəsin içinə salınırlar. Onlara münasibətdə əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə deyilənlər məni dəhşətə gətirib. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var” – deyə, o, “X” sosial şəbəkə hesabında  paylaşım edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə “X” hesabında Peter Mixalkonun jurnalistlərə qarşı kobud rəftarı ilə bağlı yazdığına münasibət bildirib. Deyib ki, Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub, ona müdaxilə qəbuledilməzdir.

Ayxan Hacızadə. Foto: “azertag.az”

O, Peter Mixalkonun iddialarının əsassız olduğunu deyib:

Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.

Son iki ay ərzində Azərbaycanda on nəfərə yaxın jurnalist həbs olunub.

Daha çox “qaçaqmalçılıq” ittihamı ilə həbs edilən jurnalistlər barələrindəki ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 17 günlük həbsə məhkum edilən jurnalist, “AbzasMedia” saytının əməkdaşı, Elnarə Qasımova prosesə əlləri qandallı şəkildə gətirilib.

Bundan öncə isə həbsdə olan “AbzasMedia” saytının baş redaktoru Sevinc Vaqifqızı məhkəmə iclası zamanı şüşə qəfəsdə saxlanılıb. Vəkilinin onun şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatəti öncə qəbul edilsə də, sonradan vəsatətin rədd edildiyi elan edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button