
Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını 'persona-non-grata' elan edib
Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azərbaycan XİN-in məlumatına görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərinə görə ciddi etiraz bildirilib.
Açıqlamaya görə, onları Azərbaycan hökumətinin “persona-non-grata” (arzuolunmaz şəxs) elan etdiyi Fransa səfirinin diqqətinə çatdırılıb.
“Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib”, – məlumatda vurğulanır.
Rəsmi açıqlamaya, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Son illər Azərbaycan rəsmilərinin dilindən tez-tez Fransanın rəsmi şəxsləri haqqında tənqidi fikirlər eşidilir. Onlar Fransanı Azərbaycan-Ermənistan münaqişəsində qarşı tərəfin mövqeyini müdafiə etməkdə günahlandırırlar. Amma Fransa rəsmiləri belə tənqidləri qəbul etmirlər.



