
Azərbaycan və Rusiya arasında məsələhətləşmələr olub
Dekabrın 21-də Bakı şəhərində Azərbaycanla Rusiyanın xarici işlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 22-də məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb:
“Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb. Hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər”.
2022-ci il fevralın 22-də Moskvada iki ölkənin dövlət başçıları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.
Həmin sənəddə maliyyə, iqtisadi və siyasi, o cümlədən beynəlxalq təşkilatlarda iki ölkənin əməkdaşlıq etməsi vacib sayılırdı.



