İranda polis məntəqəsinə hücumda azı 11 polis əməkdaşı öldürülüb

İranın cənub-şərqi Sistan və Bəlucistan əyalətində polis məntəqəsinə hücumda azı 11 polis əməkdaşı öldürülüb. Hücuma görə cihadçıların məsuliyyəti üzərinə götürdüyü bildirilir. Məlumatı dekabrın 15-də dövlət televiziyası yayıb.

“Rask şəhərində polis qərargahına terror hücumunda 11 polis əməkdaşı öldürülüb, yaralılar var”, — əyalətin vali müavini Əlirza Mərhəməti deyib.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri ilə atışmada hücum edənlərin bir neçəsi öldürülüb.

Gecəyarıya yaxın baş vermiş hücum son illər İranın Əfqanıstan və Pakistanla həmsərhəd regionunda ən ölümcül hadisələrdən sayılır.

Hücuma görə məsuliyyəti sünni cihadçı “Ceyş Əl-Ədl” (Ədalət ordusu) qruplaşması üzərinə götürüb, – telekanal bildirib. “Ceyş Əl-Ədl” 2012-ci ildə yaradılıb, İranda terrorçu qrup sayılır.

Əfqanıstanla həmsərhəd, yoxsul Sistan və Bəlucistan əyalətində indiyədək narkotik qaçaqçılığı bandaları, Bəluc azlığı və sünni müsəlman ekstremistlərin iştirakı ilə iğtişaşlar baş verib.

İndiyədək daha öncə də oxşar hücumlar olub, iyulun 23-də dörd polis əməkdaşı növbə çəkərkən öldürülüb.

İki həftə öncə isə bu vilayətdə silahlı insidentdə iki polis əməkdaşı və hücum edənlərdən dördü öldürülüb. Həmin hücuma görə də məsuliyyəti “Ceyş Əl-Ədl” qruplaşması üzərinə götürüb.

Mayda Sistan və Bəlucistan ostanının paytaxtı Zahidanın cənub-şərqində silahlı qruplaşma ilə toqquşmalarda beş iranlı sərhədçi öldürülüb. Dövlət mediasının yaydığı məlumata görə, hücumu ölkəyə soxulmaq istəyən terrorçu qrup gerçəkləşdirib, ancaq üzvləri xəsarət alandan sonra hadisə yerindən qaçıb.

Mayın sonunda IRNA İran Sərhəd Qoşunlarının komandanı Qasım Rezaiyə istinadla xəbər yayıb ki, Taliban qüvvələri Sistan və Bəlucistanda İranın polis məntəqəsini atəşə tutub. Bu region həm də Əfqanıstanla sərhəddə yerləşir və iki ölkə su hüquqları ilə bağlı mübahisə edir.

Zahidan əsasən şiə ölkəsi İranda azsaylı sünni çoxluqlu şəhərdir. Ötən ilin sentyabrında burada aylarla çəkən etirazlarda ölüm halları qeydə alınıb. İğtişaşlara yeniyetmə qızın, guya, polis əməkdaşı tərəfindən zorlanması haqda xəbərlər səbəb olmuşdu.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button