Xəzərin səviyyəsi beş ildə 69 sm düşüb

Xəzər dənizinin səviyyəsi son beş ildə 69 sm, son 10 ildə isə 114 sm aşağı enib.

Bunu noyabrın 2-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

“Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə – balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir”, – o bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Xəzərdə birgə ekoloji monitorinqlərin həyata keçirilməsini təklif edir: “Yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür. Buna görə də məsələyə xüsusi diqqət yetirilməlidir”.

Xəzərin hövzəsi Azərbaycandan başqa, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın payına düşür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri bundan əvvəl bildirmişdilər ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Onların fikrincə, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur. Hesab edirlər ki, səviyyə tərəddüdləri, əsasən, Xəzərin su balansı elementlərindən, onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button