
Ceyhun Bayramov İran prezidenti ilə görüşüb
Bugün, oktyabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə iki ölkə arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb:
“İki ölkə arasında son aylarda keçirilmiş görüşlər və İkitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub. Yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”.
“3+3” formatı dedikdə Azərbaycan, İran, Rusiya, Türkiyə, Ermənistan və Gürcüstan nəzərdə tutulur. Amma Gürcüstan Tehran görüşünə qatılmayıb.
Xatırlatma
Yaxın vaxtlara qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilirdi.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum da olmuşdu. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olmuş, ikisi yaralanmışdı.
Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olundu. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib. Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.
Amma son aylar hər iki ölkə rəsmilərinin bir-birlərinə qarşılıqlı səfərləri artıb. Hər iki ölkə rəsmilərindən əməkdaşlıqla bağlı xoş bəyanatlar səslənir.



