
Cenevrədə Azərbaycanda mətbuat azadlığı mövzusunda müzakirələr keçirilib
Ötən gün Cenevrədə Azərbaycanda mətbuat azadlığının vəziyyətinə həsr olunmuş müzakirələr keçirilib. Tədbiri Avropa Yayım Birliyi Təşkil (EBU) təşkil edib. Belə görüşün keçirilməsinə dair qərar Eurovision müsabiqəsi ərəfəsində söz azadlığının pozulması və jurnalistlərin təqib olunması ilə bağlı Azərbaycanda vəziyyətə diqqətin yetirilməsi barədə dünyanın aparıcı hüquq müdafiəçilərinin və jurnalist təşkilatlarının təkidli çağırışlarından sonra qəbul olunub.
“Dəyirmi masa” arxasına EBU, Azərbaycanın vətəndaş cəmiyyətinin və hökumətinin, beynəlxalq təşkilatların nümayəndələri toplaşıb.
Azərbaycanın vətəndaş cəmiyyətindən görüşə Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov, İnsan Hüquqları Klubunun rəhbəri və Sing for democrasy kampaniyasının korrdinatoru Rəsul Cəfərov, Media Mərkəzin direktoru Gülnarə Axundova dəvət olunub.
E.Hüseynov Turan-a bildirib ki, EBU-nu qurumun baş direktoru İnqrid Deltenre, təşkilatın media direktoru Annika Niberq-Frankenhauzer və başqaları təmsil ediblər.
Azərbaycanın rəsmi orqanlarının timsalında görüşdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli, İctimai Televiziyanın nümayəndələri Tahir Məmmədov və Mikayıl Cabbarov, XİN-in əməkdaşı Fazil Novruzov və digər hökumətpərəst jurnalist və ekspertlər iştirak ediblər.
Bundan əlavə, müzakirələrdə Amnesty İnternational, Jurnalistlərin Müdafiəsi Komitəsi, “Article 19”, Norveç İnsan Haqları evinini rəhbərləri iştirak ediblər.
Ə.Həsənov bildirib ki, yalnız müsbət məqamlardan danışacaq, çünki auditoriyadan göründüyü kimi, “tənqidçilər kifayət qədərdir”. O, Azərbaycanda söz azadlığına, KİV-in azad fəaliyyətinə, onlara dövlət dəstəyinin verilməsinə təminatın olduğunu vurğulayıb.
Öz növbəsində E.Hüseynov diqqəti ona yönəldib ki, hazırda Azərbaycan həbsxanalarında 8 jurnalist və KİV əməkdaşı saxlanılır. O, həyəcanlı hal kimi qətlə görə cəzasızlıq atmosferinin olmasını, jurnalistlərə fiziki hücumları və başqa cinayətləri göstərib.
O həmçinin hakimiyyətin faktiki olaraq təbliğ etdiyi İctimai Televiziyada plüralizmin olmadığını qeyd edib. RATİ-nin direktoru Eurovision müsabiqəsinə qədər jurnalistlərin azadlığa buraxılmasının vacibliyini qeyd edib, çünki ifadə azadlığı EBU-nun əsas prinsiplərindən biridir.
R.Hacılı mətbuat azadlığı problemlərindən danışıb, hakimiyyətin diffamasiya haqqında qanunun qəbulunu yubatmasına diqqəti yönəldib. Bundan əlavə, o, dövlət televiziyasının qanunvericilik normalarını pozaraq fəaliyyət göstərdiyini qeyd edib.
Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə bölməsinin rəhbəri Con Dalussen 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunması barədə Ə. Həsənovun bəyanatına cavab olaraq bildirib ki, Azərbaycanda “özünüsenzyra atmosferi formalaşıb ki, bu, daha pisdir”.
Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova diqqəti Azərbaycanda jurnalistlərin qətlinin araşdırılmamasına yönəldib.
Ə.Həsənov “İnterpol”un jurnalist Elmar Hüseynovun qətli ilə bağlı iş üzrə şübhəli şəxslərin tutulmasında Azərbaycan hakimiyyətinə yardım göstərməməsindən şikayətlənib.
Vətəndaş cəmiyyətinin nümayəndələri teleradioyayımın lisenziyalaşdırılmasından alternativ fikirlərin efir məkanından sıxışdırılması məqsədilə siyasi alət kimi istifadə olunmasına diqqəti yönəldib.
N.Məhərrəmli İnternet teleradioyayımın lisenziyalaşdırılmaması faktını inkar edərək qeyd edib ki, ölkədə 30 on-line TV və 100 İnternet- portal fəaliyyət göstərir.
Ə.Həsənov görüş iştirakçılarını əmin edib ki, Bakıya qayıtdıqdan sonra hakimiyyətlə vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoq davam edəcək. Bununla yanaşı o, jurnalistlərin həbsdən buraxılacağını vəd etməyib.
Ə.Həsənov Azərbaycan jurnalistikasında əsas problem kimi peşəkarlığın olmadığını göstərib.
Lakin Media Mərkəzin direktoru Gülnarə Axundova qeyd edib ki, hakimiyyət müstəqil mətbuatla dialoq haqqında müxtəlif tədbirlərə məhəl qoymur və bu tədbirlərdə iştirak dəvətlərini boykot edir. O, həmçinin vurğulayıb ki, Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun qrantları jurnalistlər arasında özünüsenzura olduğunu bir daha təsdiq edir.
İ.Deltenre bildirib ki, EBU bu ilin sentyabrında Bakıda belə bir görüş keçirmək niyyətindədir. Məqsəd indiki müzakirələrin yekunlarını müzakirə etməkdir. O ümidvar olduğunu bildirib ki, jurnalistlərin məhkəməsi açıq və ədalətli olacaq.
Həmçinin İ.Deltenre EBU-nun İTV üçün treninqlər keçirmək niyyətində olduğunu qeyd edib.
E.Hüseynov EBU-ya İTV–nin proqramlarında siyasi plüralizmə və ifadə azadlığına riayət olunması ilə bağlı monitorinq keçirməyi təklif edib. İ.Deltenre bildirib ki, EBU polis təşkilatı deyil və öz üzvlərinə qarşı sanksiyalar tətbiq edə bilməz.
E.Hüseynovun sözlərinə görə, yekun mətbuat konfransında ilkin olaraq nəzərdə tutulduğunun əksinə vətəndaş cəmiyyətinin üzvü kimi R.Cəfərova Rəyasət Heyətində yer verilməyib və konfransı Ə.Həsənovla İ.Deltenre aparıb.
Görüşün yekunlarını şərh edən E.Hüseynov qeyd edib ki, EBU yalnız formal müzakirələr aparıb. Onun fikrincə, EBU nümayəndələrinin bəyanatları deklarativ xarakter daşıyıb və problemin həlli ilə bağlı tələbləri ehtiva etməyib. “EBU öz mandatına uyğun olaraq beynəlxalq təşkilatların çağırışlarına reaksiya verməli idi və o, bu görüşü keçirib ki hansısa fəaliyyət barədə görüntü yaratsın” – E.Hüseynov vurğulayıb.
CONTACT




