İlham Əliyev ABŞ rəsmilərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Amerika Birləşmiş Ştatlarından gələn rəsmi qonaqları qəbul edib.

Qonaqlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono olublar.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Qarabağ bölgəsində həyata keçirilmiş “antiterror tədbirləri” nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Məlumata görə, Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

O, əlavə edib ki, rəsmi Bakı ölkədə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.

Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda “irimiqyaslı təcavüz”ün baş verdiyini bəyan etmişdi.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı.

Azərbaycanın açıqlamasına əsasən, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bölgədə qeyri-qanuni silahlı dəstələrin buraxılacağı razılaşdırılıb.

Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button