
'İranda Fərid Səfərliyə 2 il həbs verilib'
İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərliyə hökm oxunduğu bildirilir. Bu barədə “Turan”a onun anası Dilarə Əsgərova məlumat verib. Anasının sözlərinə görə, oğlu ilə avqustun 17-də telefonla danışıb: “Fərid mənə deyib ki, hakim son məhkəmə iclası olmadan, son söz vermədən öz kabinetində 2 il həbs hökmü çıxarıb. Fərid qərarı məktub şəklində alib”.
D.Əsgərova vurğulayıb ki, F.Səfərli özünü təqsirli bilmir, məhkəmə qərarı ilə barışmır: “O, heç bir sübut olmadan bu cəzanin verilməsini qəbul edə bilmir. Məhkəmə qərar çıxaraq çox gülünc “sübutlara” istinad edib. Bildirilib ki, Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisində qeydiyyata düşmək istəməyib. Halbuki avro ilə ödəniş etməyi ev yiyəsi təklif edib”.
Əsgərova əlavə edib ki, oğlunun kirayə tutduğu evə İrandan çıxmağa dörd-beş gün qalmış gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danışıqlar qeydə alınıb: “Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcüməsi səsləndirilib. Fəridin deməsinə görə, səs yazısında əslində heç bir sübut yoxdur, sadəcə tərcümə çox ciddi təhrif olunub. Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materialı yenidən tərcümə etdirməyə qərar verdik”.
Bu açıqlamaya, hələlik, İranda prosesi aparan hakimdən, başqa maraqlı tərəflərdən və bu ölkənin Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Yaxınları bildirir ki, Almaniyada təhsil alan Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana gedib. Onların deməsinə görə, martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, sonradan “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Amma ittihamnamənin detallarını İranın rəsmi qurumları ilə dəqiqləşdirmək mümkün olmayıb.
Yaxın vaxtlara qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilib. Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib. Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.



