Müxalifətin mitinqinin əsas çağırışı – “Rədd olsun hakimiyyət!”

08.04.2012

Aparıcı müxalifət qüvvələrini birləşdirən İctimai Palatanın “20-ci sahə” qəsəbəsində keçirilən mitinqinə 5 mindən çox insan toplaşıb.

Mitinq elan edilmiş saatdan gec başladı, belə ki, hakimiyyət şəhərin mərkəzindən marşrut avtobuslarının hərəkətini məhdudlaşdırmışdı.

İlk olaraq Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli çıxış edib. “Bu, son 7 ildə hakimiyyətin icazə verdiyi ilk mitinqdir. Bütün bu illər ərzində hakimiyyət müxalifəti boğmağa çalışıb, amma hakim rejim nə mitinqləri qadağan etməklə, nə jurnalistləri qətlə yetirməklə buna nail ola bilməyib”, deyə o qeyd edib.

Hakimiyyətin daxili və xarici siyasətini tənqid edən Kərimli bildirib ki, nə Heydər, nə də İlham Əliyev Qarabağın azad edilməsi üçün heç nə etməyib.

Bunun əvəzində korrupsiyaya uğramış rejim öz xalqını soyaraq, “xeyriyyəçilik ilə” məşğul olur və sovet dövründən qalan əmanətləri əhaliyə qaytarmaq istəmir.

“Bu rejimi istefaya göndərmək lazımdır!”. Toplaşanlar Kərimlinin bu çağırışı coşqu ilə qəbul ediblər və “İstefa!” şüarları səsləndirməyə başlayıblar.

Daha sonra parlamentin deputatı Pənah Hüseyn çıxış edib. O bildirib ki, bu gün mitinqə 10 min insan gəlib, növbəti dəfə isə onların sayı 100 min olacaq.

O, parlamenti, hökuməti və İlham Əliyevin özünü istefaya göndərməyə çağırıb. “O gün gələcək və bugünki mitinq xalqın sınmadığının, əzilmədiyinin və əsas məqsədindən – bu rejimdən azad olmaq məqsədindən imtina etməyəcəyinin sübutudur”, deyə o qeyd edib.

    “Müsavat” Partiyasının lideri İsa Qəmbər bildirib ki, demokratik dəyişikliklər və azadlıq dalğası Azərbaycandan yan keçməyəcək. Bu dəyişikliklər qaçılmazdır, Əliyev rejiminin sonu gəlib, onun mövcudluğu an məsələsidir. Sadəcə olaraq, biz bu dəyişikliklərə qan axıtmadan nail olmaq istəyirik və bunun üçün 100 min insan toplaşmalıdır, deyə o qeyd edib.

    Mitinqin yekunlarına görə qətnamə qəbul edilib. Qətnamədə siyasi məhbusların azad edilməsi, Quba sakinlərinə qarşı repressiyalara son qoyulması, bu il yeni azad parlament seçkilərinin keçirilməsinin təmin edilməsi, korrupsiyaya son qoyulması və pensiya və təqaüdlərin artırılması, əmlak hüquqlarının pozulmasına son qoyulması, daşqından zərər çəkənlərə ədalətli kompensasiyalar verilməsi, Qarabağ problemi üzrə ümummilli platforma hazırlanması tələbləri yer alıb.

    İctimai Palatanın növbəti mitinqi aprelin 22-nə təyin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button