
XƏDİCƏ İSMAYILOVA: “MƏNZİLƏ VİDEOKAMERA 2011-ci İLİN İYUL AYINDAN QURAŞDIRILIB”
“İstintaqa alternativ yolla apardığımız araşdırma nəticəsində özümə qarşı şantajın məhz dövlət idarələrinin iştirakı ilə, xüsusi xidmət orqanları tərəfindən aparıldığı qənaətindəyəm”. Jurnalist Xədicə İsmayılova aprelin 4-də keçirdiyi mətbuat konfransında belə deyib.
“Azadlıq” radiosunun məlumatına görə, jurnalist bildirib ki, şəxsi həyatına müdaxilə ilə bağlı aparılan istintaqın gedişindən narazıdır: “Martın 9-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət etmişəm, təəssüf ki, bir neçə gün ərzində heç bir cavab almamışam. Sonrakı istintaq da göstərir ki, hüquq mühafizə orqanları vaxtında işə başlasaydılar, bu videonun yayılmasının qarşısı alına bilərdi. Lakin reaksiya olmadığından olduqca əhəmiyyətli olan vaxt itirildi”.
Xədicə İsmayılova bir qrup jurnalistlə birlikdə apardığı araşdırmanın nəticələrini də açıqlayıb. Onun dediyinə görə, araşdırma nəticəsində bəlli olub ki, qaldığı mənzilə videokamera 2011-ci ilin iyul ayından quraşdırılıb və mənzil əlavə telefon xətti vasitəsilə daim izlənib. Mənzilə digər əlavə naqillərin çəkildiyi də aşkarlanıb. Müstəqil araşdırma qrupu mənzilə əlavə telefon xətti çəkən ATS əməkdaşı ilə də danışıb və rabitəçi etiraf edib ki, bunu rəhbərliyin göstərişi ilə edib. Bunun üçün 2011-ci ilin iyulunda yeni telefon nömrəsi ayrılıb. Bir neçə gün əvvəl (videoçarx qalmaqalından sonra) nömrə ləğv edilib”. Xədicə İsmayılovanın dediyinə görə, onların üzə çıxardıqları faktlar, həmçinin ATS əməkdaşının açıqlamaları, israrlarına baxmayaraq, protokola salınmayıb: “Mən işin CM-in 156-cı (şəxsi həyata müdaxilə) və 163-cü (jurnalistin fəaliyyətinə maneçilik törətmə) maddələri ilə açılmasında israr edirdim, lakin istintaq yalnız 156-cı maddəni tətbiq etdi”. X.İsmayılova bu əməliyyatda Milli Təhlükəsizlik Nazirliyindən şübhələndiyini bildirib: “Jurnalistlərin döyülməsində və qətlində adı keçən MTN əməkdaşı Çovdarovun general rütbəsi almasından sonra əminliyim daha da artıb”
X.İsmayılova bildirib ki, ABŞ-da bir vəkillik kontoru rolikin Amerika hostingində yerləşdirilməsi faktı üzrə onun hüquqlarını müdafiə etməyi öhdəsinə götürüb.
Vəkil Adil İsmayılov rəsmi qurumları fəaliyyətsizlikdə ittiham etdi. Onun sözlərinə görə, istintaq xüsusi entuziazm olmadan aparılır. Xüsusən, aşkar edilmiş məftillərin və videomüşahidə kameralarının yerləşdirilməsinin ekspertizası uzadılıb. O deyib ki, prokurorluq heç bir araşdırma aparmadan martın 15-də cinayət işinə başlayıb: “Belə təcili cinayət işinin başlanması Azərbaycan reallığı üçün qeyri-adi hadisədir. Səbəbi yəqin hamıya bəllidir, göstəriş gəlib ki, təcili tədbir görmək lazımdır”.
Preventiv Araşdırma Qrupunun rəhbəri Şahvələd Çobanoğlu deyi bki, praktiki olaraq eyni vaxtda üç domen qeydiyyata alınıb, musavat.tv üçün onlardan istifadə edib. Mətbuat konfransının sonunda İsmayılova bildirib ki, hökumətyönlü qəzetlərdə qarayaxma kampaniyası davam edir, lakin Mətbuat Şurası heç bir reaksiya vermir. “Mətbuat Şurası bu qəzetlərə qarşı addım atmasa və mənə cavab verməsə, qurumu məhkəməyə verəcəyəm” deyə o bildirib. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Xədicə İsmayılovanın hakimiyyətin göstərdiyi təzyiqlərdən çəkinmədiyi üçün onun qarşısında baş əydiyini deyib.
Xədicə İsmayılova bu günə qədər haqqında hakimiyyət qəzetlərində təhqiramiz ifadələrlə dolu məqalələrin dərc olunmasının da təsadüf olmadığını qeyd edib. Onun fikrincə bu məqalələr məqsədyönlü olaraq hazırlanır və o bu haqda artıq Mətbuat Şurasına da rəsmi müraciət edib: “Obsuz da mən fikrimdən dönməyəcəm və həmin qəzetləri məhkəməyə verəcəyəm”. MŞ adından mətbuat konfransında iştirak edən Müşfiq Ələsgərli bu kimi məsələlərə qurumun 15-30 gün müddətində baxdığını söylədi və onun bu məlumatı mətbuat konfransı iştirakçıları tərəfindən hiddətlə qarşılandı. Professor Rafiq Əliyev artıq 2 aydan artıq müddətdə MŞ-na müraciət etdiyini və onunla bağlı məsələyə bu günədək baxılmadığını söyləyib.
“Xural” qəzetinin əməkdaşlarının, “necə olur ki, cəmi 2 gün müddətində tələm-tələsik toplaşıb, heç bir araşdırma aparmadan “6 şikayətçinin işinə baxıb, “Xural” qəzetini gündəlik nəşrə başlamazdan bir gün əvvəl “reket” qəzet elan edirsiniz, amma söhbət mətuata qarşı təzyiqlərdən gedəndə MŞ bir araya toplaşa bilmir?” kimi suallara cavab verməkdə Müşfiq Ələsgərli aciz qalıb. “Turan” İA-nin direktoru Mehman Əliyev şəxsən Müşfiq Ələsgərlinin “Səs” qəzetində verdiyi müsahibədə onun haqqında işlətdiyi böhtan və təhqir xarakterli ifadələrə görə müstəqil mətbuat nümayəndələri ilə bir sırada oturmaqdan utanmalı olduğunu söylədi: “Əgər mən Sizi o müsahibəyə görə məhkəməyə versəydim, bunun altından heç bir zaman çıxa bilməzdiniz” dedi və hakimiyyətin müstəqil mətbuata istiqamətlənmiş naşı siyasətinin “məhz müşfiqkimilərin ağlı hesabına aparılmasından təəssüf ləndiyini bildirib.
Mətbuat Konfransında çıxış edənlər, Xədicə İsmayılovanın timsalında Azərbaycanın azad mətbuatına yönəlmiş təzyiq və təhdidlərə son qoyulmasını hakimiyyətdən tələb ediblər.
Xatırladaq ki, martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova şəxsi həyatına aid məlumatların açıqlanacağı ilə hədələnib. Ona susmaq təklif olunub. Bir neçə gün sonra internetdə jurnalistin şəxsi həyatına aid video yayılıb.
Martın 15-də Baş Prokurorluq cinayət işi qaldırıb. Xədicə İsmayılovanın işi şəxsi həyatın toxunulmazlığını pozma motivi üzrə araşdırılır. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.
XuralTAC









