
Tərtərin baş memarı həbs edilib
Tərtər Rayon İcra Hakimiyyətinin baş memarı həbs edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Tofiq Kərimov saxlanıb.
Onun 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan 25 min manat almaqda şübhəli sayıldığı vurğulanır:
“Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.”
Bu ittihamlar təsdiqini taparsa ona 12 ilə qədər həbs cəzası verilə bilər. Amma rəsmi açıqlamada yer alan ittihamlara, hələlik, ondan və vəkillərindən münasibət almaq mümkün olmayıb.



