
Komissiya Söyüdlüyə dair təkliflər paketi verib
Söyüdlü kəndində fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb.
Turanın məlumaına görə, bu barədə Söyüdlü kəndinin ərazisində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın təklif paketində deyilir.
Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması haqqında qərar verilib.
Həmçinin beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması təklif edilir.
Təkliflər paketində mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələsi də öz əksini tapıb.
Həmçinin istehsalatda müasir texnologiyaların tətbiqi şərtilə, şirkətin sonrakı fəaliyyətini davam etdirməsi də təkliflər planına daxil edilib.
Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər kimi qeyd edilib.
İyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, saxlananlar olub.
İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələdə ən azından səhlənkarlıq etdiyini deyib.
İyulun 13-də Gədəbəyin Söyüdlü kəndində qızıl yatağını istismar edən şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.



