
Əvəz Zeynallı və Elnur Şükürov sağlamlıqları ilə bağlı prezidentə müraciət etdilər
Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı və “Səda TV” youtube kanalının əməkdaşı Elnur Şükürov prezidentə və müvafiq orqan rəhbərlərinə sağlamlıq durumları ilə bağlı müraciət ediblər. Müraciətdə yazılır:
Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev cənablarına
Surəti: Ədliyyə naziri Fikrət Məmmədova
Surəti: Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi
Cənab Mirsaleh Seyidova
Surəti: KİV-nə
Surəti: Azərbaycanda fəaliyyət göstərən
hüquq-müdafiə təşkilatları nümayəndələrinə
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan
“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı
və “Səda TV” youtube kanalının əməkdaşı
Elnur Şükürov tərəfindən
MÜRACİƏT
Cənab Prezident!
Cənab nazir!
Biz 2022-ci ilin sentyabrında saxta ittihamlarla həbs olunmuşuq. 5 ay DTX-da saxlanıldığımız müddətdə ailə üzvlərimizlə görüşlərimizə belə qadağa qoyulub. Hazırda Bakı Ağır Cinayətlər Mıhkəməsində məhkəmə prosesimiz başlayıb və Bakı İstintaq Təcridxanasında saxlanılırıq. Əvəz Zeynallının gözlərində və sağlamlığında yaranmış problemlərlə bağlı vəkillərin verdiyi vəsatət Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov tərəfindən müsbət dəyərləndirilib və 24 iyun 2023-cü ildə Ədliyyə Nazirliyi Pentensiar Xidmətə və Bakı İstintaq Təcridxanasına göndərilib. Elnur Şükürovun da sağlamlığında ciddi problemlər yaranıb və ona həkim müayinəsi vacibdir. BİT-da UZİ və mütəxəssis həkim olmadığından bu günə qədər müayinəsi aparılmayıb. Dəfələrlə edilən müraciətlərimizə baxmayaraq heç bir tədbir görülmür.
Cənab Prezident!
Cənab nazir!
Biz bir daha bəyan edirik ki, saxta ittihamlarla və yüksəkvəzifəli məmurların sifarişilə həbs olunmuşuq. Məqsədləri azad mətbuatı susdurmaq olub. Bu məmurlar korpusunun şəxsi maraqlarına toxunmağımız, onların qanunsuz hərəkətlərini media qınağına gətirməyimiz, əslində onları ifşa etməyimiz həbsimizin siyasi sifariş əsasında həyata keçirilməsinə zəmin yaradıb.
Siz hər zaman çıxışlarınızda ictimai nəzarətin gücləndirilməsilə bağlı müraciətlər etmisiniz və biz də dövlətçiliyimizin rifahı naminə Sizin çağırışlarınıza qoşulmuşuq. Bu cinayətdirsə, bəli o zaman biz cinayətkarıq. Lakin bir daha Sizə müraciət edərək, xahiş edirik ki, səlahiyyətləriniz çərçivəsində pozulan hüquqlarımızın bərpasına nail olmaqda, azad medianın səsinin boğulmasına imkan verməyəsiniz. Bu gün bizi sağlamlığımızla imtahana çəkməyə çalışan məmur korpusunun özbaşınalıqlarına son qoyasınız.
Hörmətlə,
Əvəz Tapdıq oğlu Zeynalov
Elnur Zakir oğlu Şükürov



