Şuşada kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Azərbaycan ərazilərində daha bir kütləvi məzarlıq tapılıb. Azərtac-ın məlumatına bu görə, bu dəfəki kütləvi məzarlıq Şuşa şəhərindəki həbsxanasının ərazisində üzə çıxarılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədovun dediyinə görə, yeni kütləvi məzarlığın yeri birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş insanların ifadələri əsasında müəyyən edilib.

“Biz həmin əsir, girovların ifadələrinə uyğun olaraq növbəti kütləvi məzarlığı Şuşa həbsxanasının həyətində aşkarlamışıq. İlkin rəyə görə, burada dörd nəfərin fərdi olaraq basdırıldığı müəyyən edilib. Şuşa şəhərinin ermənilər tərəfindən işğalından sonra Şuşa həbsxanası azərbaycanlı əsir və girovların saxlanması, onlara qarşı çoxsaylı cinayətlərin törədildiyi bir məkan olub”, – Eldar Səmədov bildirib.

Şuşa həbsxanasında ümumilikdə 360 azərbaycanlının saxlanıldığını deyən Eldar Səmədovun sözlərinə görə, onlardan 216-sı azad olunsa da digərlərinin taleyi bu günə qədər məlum deyil.

Məlumatda o da vurğulanır ki, tapılan insan qalıqları həbsxanada qalan şəxslərə qarşı qəddarlıq və qeyri-insani əməllərin törədilməsindən xəbər verir.

Şuşada kütləvi məzarlıqlarla bağlı axtarışların davam etdiriləcəyi bildirilir.

İkinci Qarabağ müharibəsinin bitməsindən sonra işğaldan azad olunan ərazilərdə birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən bir neçə kütləvi məzarlıqlar aşkarlanıb.

Həmin məzarlıqlardan ümumilikdə 23 nəfərə aid olan qalıqlar üzə çıxıb.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 2021-ci ilin avqustunda açıqladığı məlumata görə, birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 171-nin hərbçi, 719 nəfəri mülki şəxslər olduğu bildirilir.

Rəsmi məlumatlara görə, ikinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən hərbçilərin sayı 6 nəfərdir.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycan və Ermənistan arasında fasilələrlə sülh danışıqları aparılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button