
Putin və Rəisi Rəşt-Astara sazişini imzalayır
Mayın 17-də Rusiya Prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayıblar. Rusiya dövlətinin başçısı ona videobağlantı vasitəsilə qoşulub.
Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.
Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Bu dəmiryolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək ki, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq.
Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran) – Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.
Putin bundan öncə deyirdi ki, bu layihə təkcə Rusiya Federasiyası və İran deyil, həm də dünya ticarətinin bütün iştirakçıları üçün maraqlıdır, çünki logistika baxımından “bu, Süveyş kanalı və Qara dənizdəki boğazlara əhəmiyyətli əlavədir”. Rusiya prezidentinin sözlərinə görə, belə bir qərar marşrutu ucuzlaşdırır, “bu isə o deməkdir ki, malların yekun qiyməti daha aşağı olacaq”.
“Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı altı həftədən artıqdır, “Şimal-Cənub” vasitəsilə üç həftə olması gözlənilir).



