FHN Modul Hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxıldı

Rüşvət ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxılıb.

O, cəza müddətinin üçdə ikisini çəkdiyi üçün həbsdən azad edilib. Məhkəmə onun müraciətini təmin edib və İmran Ağayev bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, İmran Ağayev 2021-ci ilin aprelində koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub.

Məlumat üçün bildirək ki, İmran Ağayevin pandemiya dövründə fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button