Gömrük Komitəsi sərhəddə 500 kq-a yaxın heroin aşkarladığını bildirir

Naxçıvan gömrükçüləri Azərbaycandan keçməklə Avropaya aparılan 500 kiloqrama yaxın heronini aşkar ediblər.

Bu barədə aprelin 22-də Azərbaycanın Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, narkotik maddə “Culfa” sərhəd buraxılış məntəqəsində İrandan Niderlanda gedən yük maşınında aşkarlanıb.

“Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin aşkar edilib. “-Komitənin məlumatında bildirilir.

İran tərəfinin bu məlumata hələki hər hansı reaksiyası bəlli deyil.

Hələ ABŞ Dövlət Departamentinin 2013-cü il üçün «Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası» adlı hesabatında deyilir ki, «əsas narkotik daşıma yolları Əfqanıstan və İrandan başlayır, Azərbaycandan və Gürcüstandan keçərək Qərbi Avropaya, Türkiyə və Rusiyaya gedir. Beynəlxalq yükdaşımalarla məşğul olan yük maşınları bu yolla bəzən narkotik da daşıyırlar, Gürcüstandan keçməklə Türkiyə və Rusiyaya gedirlər. Bəzən Qara dənizdəki bərələrdən istifadə edərək Ukrayna, Moldova və Bolqarıstana da gedib çatırlar».

Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının 2021-ci ilin oktyabrında keçirilən iclasında etdiyi çıxışında deyib ki, İranla 130 kilometrlik hissədə nəzarət bərpa ediləndən sonra (ikinci Qarabağ müahribəsindən sonra -red.) Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutu bağlanıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button