
Putin Belarusda taktiki nüvə silahı yerləşdiriləcəyini deyir…
Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək. Bunu Rusiya prezidenti Vladimir Putin martın 25-də “Rossiya-24” kanalında gedən müsahibəsində deyib.
Onun sözlərinə görə, Aleksandr Lukaşenka ouzun müddətdir ki, ondan bu silahların Belarusda yerləşdirməyi xahiş edir.
Putin deyib ki, Belarusda taktiki nüvə silahlarının saxlanması üçün yerin tikintisi iyulun 1-dək başa çatdırılmalıdır. O, taktiki nüvə silahdan istifadə edə bilən “İsgəndər” raket sisteminin artıq Belarusa verildiyini deyib.
Lukaşenka daha əvvəl bəyan edib ki, Belarus Hərbi Hava Qüvvələrinin bir sıra təyyarələri yenidən təchiz olunub və onlar nüvə raketləri daşıya bilirlər. Putin belə təyyarələrin sayının on olduğunu xatırladıb.
Putinin dediyindən belə çıxıb ki, Belarusda nüvə silahı yerləşdirmək qərarı Böyük Britaniyanın Ukraynanı uran mərmiləri ilə təmin etmək niyyətini bəyan etdikdən sonra verilib. Belə mərmiləri Rusiya özü nüvə silahı hesab etmir. Putinin özü bildirib ki, Rusiyada “yüz minlərlə belə mərmi var”.
Bununla belə, Moskva Britaniyanın niyyətinə son dərəcə kəskin reaksiya verib, Londonu nüvə eskalasiyasında ittiham edib və cavab tədbirləri vəd edib.
Elə eyni müsahibədən o da aydın olub ki, raket sistemi Britaniyanın bəyanatından əvvəl Belarusa ötürülüb, eləcə də təyyarə konvertasiya edilib (Bu barədə əvvəllər Lukaşenko da danışıb).
Bu baxımdan da taktiki nüvə silahlarının saxlanması üçün anqarın tikintisi, Böyük Britaniyanın sursatlarının tədarükü planları məlum olana qədər başlayıb.
Putinin sözlərinə görə, Rusiya nüvə silahını Belarusa ötürmür, öz silahlarını onun ərazisində yerləşdirir. Rusiya prezidenti bunu ABŞ-ın bir sıra Avropa ölkələrində nüvə silahı yerləşdirməsi ilə müqayisə edib.
O, Qərb ölkələrinin Ukraynaya silah və sursat tədarükünü də Rusiya üçün təhlükə adlandırıb. O, həmçinin həmin ölkələri “müharibə alovlandırıcıları” adlandırıb. Məqalədə qeyd olunur ki, vaxtilə Stalin də 1952-ci ilin payızında Sov.İKP-nin qurultayındakı son nitqində ABŞ başda olmaqla Qərb ölkələrini belə təsvir edib.
Putinin sözlərinə görə, Rusiya Ukraynadan üç dəfə çox sursat istehsal etməyə hazırdır və “Rusiya ordusunun tanklarının ümumi sayı Ukrayna Silahlı Qüvvələri tanklarının sayından 3 dəfə çox olacaq”.
Eyni zamanda Rusiya prezidenti bildirib ki, silah istehsalının artırılması Rusiya iqtisadiyyatı üçün heç bir məhdudiyyətlər yaratmayacaq.
Taktiki nüvə silahlarının dəqiq tərifi yoxdur – güman edilir ki, söhbət strateji (qitələrarası) nüvə silahlarına nisbətən daha aşağı gücə malik nüvə silahlarından və daha qısa mənzilli daşıyıcılardan gedir.
“İsgəndər” raketlərinin rəsmi uçuş məsafəsi 500 km-ə qədərdir. Bu o deməkdir ki, Belarusda yerləşdirilən raketlər bütün Polşa ərazisini, qismən də qonşu ölkələri təhdid edə bilər.
Hələ ötən ilin avqustunda Lukaşenka Belarus təyyarələrinin nüvə silahı daşıyıcısına çevrilməsinin başa çatmasından danışıb.
Sovet dövründə Belarus ərazisində nüvə silahı yerləşdirilib. SSRİ-nin dağılmasından sonra Belarus hakimiyyətinin razılığı ilə bu silahlar Rusiyaya aparılıb. Belarus nüvə silahının yayılmaması müqaviləsinə qeyri-nüvə dövləti kimi qoşulub.



