Britaniya İran əsilli vətəndaşının edamını vəhşilik adlandırır

Edamın dəqiq nə vaxt icra olunduğu açıqlanmır, bəzi xəbər agentlikləri bunun bir neçə gün əvvəl ola biləcəyini ehtimal edirlər

London Böyük Britaniya və İran vətəndaşı olan Əlirza Əkbərinin casusluq ittihamı ilə edamını “barbar” hərəkət kimi qiymətləndirir.

“Mizan” xəbər agentliyinin yanvarın 14-də yazdığına görə, Əkbəri “korrupsiya və Britaniya hökumətinin kəşfiyyat xidməti üçün casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə” ittiham edilərək edam cəzasına məhkum edilib.

Edamın nə vaxt icra olunduğu açıqlanmır, bəzi xəbər agentlikləri bunun bir neçə gün əvvəl ola biləcəyini yazırlar.

Əlirza Əkbəri 2008-ci ildə İranda qısa müddətə saxlanıldıqdan sonra Britaniyaya köçüb. Onun 2019-cu il yenidən İrana qayıtdıqdan sonra həbs olunduğu güman edilir.

İranda casusluq və milli təhlükəsizliklə bağlı ittihamlara adətən qapalı proseslərdə baxılır və bu səbəbdən də indiyə qədər Əlirza Əkbərinin işi ilə bağlı az təfərrüatlar açıqlanıb.

İran rəsmi agentliklərinin məlumatlarında Əkbərinin casusluğa görə 2 milyon dollardan çox ödəniş aldığı iddia olunur.

Həmçinin rəsmi mediada yayımlanan videoda Əkbərinin 2020-ci ildə İranın aparıcı nüvə alimlərindən biri Möhsün Fəxrizadənin öldürülməsində də rol oynadığını iddia olunur.

Videoda Əkbərinin qətldə əli olduğunu etiraf etməsi göstərilmir, sadəcə britaniyalı agentin ondan Fəxrizadə ilə bağlı məlumat istədiyini deyir. Tehran həmin sui-qəsddə İsraili günahlandırır.

Böyük Britaniyanın baş naziri Rishi Sunak Tvitter hesabında Əkbərinin edam edilməsi ilə bağlı xəbərlərə yanvarın 14-də reaksiya verib. O, bu edamı “öz xalqının insan haqlarına hörmət etməyən barbar rejim tərəfindən həyata keçirilən vəhşi və qorxaq hərəkət” adlandırıb.

İran öz vətəndaşları üçün ikili vətəndaşlığı tanımır.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yanvarın 14-də tvitində yazıb ki, “bu barbar hərəkət ən sərt şəkildə qınanmağa layiqdir. Bu, etirazsız qalmayacaq”.

Bu bəyanatlardan sonra Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

“Britaniya hökuməti İranın milli təhlükəsizliyinə hücuma səbəb olan qeyri-ənənəvi rabitənin qurulmasına görə cavabdeh olmalıdır.” -nazirliyin yaydığı bəyanatda vurğulanır.

Əkbəri 1997-2005-ci illərdə, keçmiş prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə İranın müdafiə nazirinin müavini, İran Hərbi Dəniz Qüvvələrinin müşaviri olub.

O, həmçinin BMT-nin 1980-1988-ci illər İran-İraq müharibəsinə son qoyan qətnaməsini icra edib.

Edam hökmünü tənqid edən iranlı vəkil Səid Daehqan 14 yanvardakı tvitində bunu “siyasi” qərar kimi qiymətləndirib.

İranda ikili vətəndaşlıqla bağlı bir çox işi təmsil edən vəkil bunu Britaniyanın İran İslam İnqilabı Keşikçiləri Korpusunu rəsmən terror təşkilatı elan etməyi planlaşdırdırdığı barədə proseslərə qarşı cavab hesab edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button