Vəkil Bəxtiyar Hacıyevlə görüşüb

Dekabrın 12-də Bəxtiyar Hacıyevin həbsindən apellyasiya şikayəti verilib.

Bu barədə Azadlıq Radiosuna onun vəkili Aqıl Layic bildirib. O deyib ki, bugün, dekabrın 12-də Kürdəxanı qəsəbəsindəki 1 saylı təcridxanada fəalla görüşüb.

Vəkilin sözlərinə görə, Hacıyevin saxlanma şəraitindən və onunla rəftardan şikayəti yoxdur.

Aqil Layıcın əlavə etməsinə görə, o, irəli sürülən ittihamları qəti şəkildə rədd edir və hesab edir ki, “həbsdə əsl məqsəd onun beynəlxalq təşkilatlarla əlaqələrini məhdudlaşdırmaqdır”.

Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

İşi haqqında…

Bu cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi qaldırıb və jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlıdır. Ötən ilin oktyabrında məhkəmədə Hacıyev ilə Alovlu arasında insident yaşanmışdı.

Ülviyyə Alovlu Bəxtiyar Hacıyevin onu vurmasını iddia etmişdi, Hacıyev isə, öz növbəsində, bu halın yaşanmadığını və sadəcə təhqir qarşısında kağızları masaya atdığını demişdi

Alovlu Hacıyevi Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.

Amma onun şikayəti sübuta yetirilmədiyi üçün iddiaya xitam verildiyi açıqlanmışdı.

Onlar bir-birilərindən şikayətçi idilər.

ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsindən narahat olduqlarını açıqlayıblar.

“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, – ABŞ Dövlət Departamentin mətbuat katibinin müavini Vedant Patel bildirmişdi.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button