
DSX: “Hərbçi özünü odlu silahla vurub, vəziyyəti ağırdır”
Yayımlandı: 1 Dekabr 2022 14:35
Kənan Nuriyevin Gəncə Mərkəzi Klinikasına yerləşdirildiyi bildirilir
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Kənan Nuriyevin odlu silahla özünə xəsarət yetirdiyi bildirilir.
Bu barədə dekabrın 1-də Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilir ki, Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasında idmət edən müddətli həqiqi hərbi xidmətdə olan K.Nuriyev odlu silahdan özünə xəsarət yetirib.
“Kənan Nuriyevə ilkin tibbi yardım göstərildikdən dərhal sonra onu Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ardınca o, Gəncə Mərkəzi Klinikasına köçürülüb. Hazırda hərbçinin vəziyyəti ağır olaraq qiymətləndirilir”, – deyə DSX əlavə edib.
DSX olayla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirildiyini qeyd edib.
Əsgərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmadığından onların mövqeyi bəlli deyil.



