Tehranda əsasən siyasi məhbusların saxlandığı Evin həbsxanasında yanğın olub

Oktyabrın 15-dən 16-na keçən gecə Tehranda əsasən siyasi məhbusların və dissidentlərin saxlandığı Evin həbsxanasında güclü yanğın baş verib.

Hələki yanğının səbəbi məlum deyil. İranın rəsmi medaisı vəziyyətin nəzarət altında olduğunu yazır. Amma hadisə şahidlərinin sosial şəbəkələrdə paylaşdıqları videolarda təkcə yanğınsöndürən maşınların siqnalları deyil, həm də atəş səsləri eşidilir.

Tehranın Evin həbsxanası daha çox siyasi məhbusların, mülki fəalların, jurnalistlərin, eləcə də xarici vətəndaşların saxlandığı həbsxana kimi tanınır.

Hakimiyyətin nəzarətində olan medianın yaydığı məlumata görə, yanğın məhbusların iğtişaşı nəticəsində baş verib. Məlumatda o da vurğulanır ki, iğtişaş törədənlər siyasi məhbuslar deyil, xırda cinayətlərə görə məhkum olunanlardır. Yanğın nəticəsində 8 nəfərin öldüyü də bildirilir.

Yayılan bəzi fotolarda məhbusların yanğından qaçaraq həbsxananın damına çıxdıqları görünür.

Tehranın Evin həbsxanası BMT və insan haqları təşkilatlarının hesabatlarında İran hakimiyyəti tərəfindən casusluqda ittiham olunan siyasi fəalların və əcnəbilərin məcburi saxlandığı yer kimi dəfələrlə xatırlanıb.

Bu həbsxanada məhbuslarla pis rəftar edildiyi barədə də çoxsaylı məlumatlar var.

İranda etirazlar sentyabrın ortalarında kürd azlığından olan 22 yaşlı qadın hüquqları müdafiəçisi Məhsa Əmininin ölümündən sonra başlayıb. O, hicaba görə polis müavini tərəfindən saxlanılıb və döyülüb. Bir müddət sonra xəstəxanda vəfat edib.

Müxtəlif mənbələrin yaydığı məlumatlara görə, polislə toqquşmalarda 23-ü uşaq olmaqla azı 144 nəfər həlak olub.

Yüzlərlə etirazçı saxlanılıb, onların çoxu Evin həbsxanasına yerləşdirilib.

Bir həftə sonra İranın 30-dan çox şəhərində, o cümlədən ölkənin paytaxtı Tehranda etirazlar başlayıb. Etirazçılarda qadınların hüquqlarının qorunması, polis zorakılığına son qoyulması, İranın demokratikləşməsi və hökumətin istefası tələb edilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button