
İjevskdə məktəbdə 13 nəfər öldürülüb, yeddisi uşaqdır
Atəş açan şəxsin özünü öldürdüyünü Udmurtiya DİN də təsdiqləyib
İjevskdə orta məktəbdə 13 nəfərin öldürüldüyü bildirilir. Onların yeddisi məktəblilər, ikisi mühafizəçi, ikisi müəllimdir. Məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb. Hücum edənin özünü öldürdüyü bildirilir.
+++
Artıq ölənlərin sayının 9-a çatdığı, onların beşinin uşaq olduğu bildirilir.
+++
İjevskdə bir məktəbdə atışma nəticəsində altı nəfər, o cümlədən məktəbin mühafizəçisi öldürülüb, 20 nəfər xəsarət alıb. Bu haqda Udmurtiya Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Atışmanı təşkil edənin öz həyatına da son qoyduğu xəbər verilir. Açıqlamanı Udmurtiya başçısı Aleksandr Breçalov verib.
“Bu gün Udmurtiyada İjevskdəki 88 saylı məktəbdə faciə baş verib. Hələlik, şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs məktəbə girib, mühafizəçini öldürüb, bu bəllidir. Uşaqlar arasında itkilər və yaralılar var”, – o deyib.
Atəş açan şəxsin özünü öldürdüyünü Udmurtiya DİN də təsdiqləyib.
“112” Telegram kanalı isə 10 nəfəri öldüyünü, onların beşinin uşaqlar olduğunu bildirir.
Sentyabrın 26-da səhər qara geyimli bir kişi məktəbə girərək atəş açmağa başlayıb, onun motivləri bəlli deyil.
Sonuncu dəfə Rusiyada məktəbdə belə hadisə 2021-ci ilin oktyabrında Permdə Sars qəsəbəsində baş verib. Onda 12 yaşlı yeniyetmə ov tüfəngiylə məktəbə girib, tavana və divara atəş açıb. Xəsarət alan olmayıb, yeniyetmə saxlanıb.



