Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil Elçin Sadıqov barəsində verilmiş həbs qətimkan tədbiri ev dustaqlığıyla əvəzlənib. Zəki Babayevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb. Elçin Sadıqov məhkəmə zalından birbaşa azad edilib

Bu şikayət üzrə məhkəmə baxışı bir gün əvvələ – sentyabrın 15-nə təyin olunmuşdu. Lakin həmin vaxt məhkəmədə məlum olub ki, Sadıqovun vəkilləri prosesə qatılsalar da, onun özünü gətirməyiblər. Dəqiqləşdirilib ki, məhkəmə təyin olunan vaxtda Sadıqovu istintaq hərəkətləri ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsinə aparıblar. Bu üzdən məhkəmə prosesi bir gün sonraya təyin edilib.

AzadlıqRadiosunun prokurorluqdakı mənbədən əldə etdiyi məlumata görə, günorta başlayan istintaq hərəkətləri gecə saatlarına qədər davam edib. Orada üzləşmə və başqa istintaq hərəkətləri aparılıb.

Xatırlatma

Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. O, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının rüşvət almasına vasitəçilik etməkdə suçlanır. Zeynallı “Baku Steel Company”nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alma ittihamı ilə sentyabrın 10-da həbs olunub. Sadıqov işadamı Məmmədovun vəkili idi.

Lakin Sadıqov və Zeynallının heç biri özlərini təqsirli bilmir. Vəkili Şəhla Hümbətovanın bildirdiyinə görə, Sadıqov həbsini peşə fəaliyyəti ilə əlaqələndirir, ictimai-siyasi fəallara vəkillik etdiyinə görə cəzalandırıldığını düşünür.

Zeynallının həyat yoldaşı Məlahət Zeynalova da onun jurnalist fəaliyyətinə, xüsusən tənqidi materiallarına görə sifarişlə cəzalandırıldığını bildirib.

Onların ittiham olunduğu CM-in 311.3.3 maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button