Fərruxda kütləvi insan qalıqları: ermənilərin daha bir qətliamı

Xəbər verildiyi kimi, martın 24-də Azərbaycan ordusunun bölmələri Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafında yerləşən strateji əhəmiyyətli Daşbaşı yüksəkliyini nəzarətə götürüb.

Hərbçilərimiz yeni mövqelərdə mühəndis-istehkam işləri apararkən qazıntı zamanı insan qalıqları aşkar ediblər. Bu qalıqların 1-ci Qarabağ müharibəsində Fərrux yüksəklikləri uğrunda gedən döyüşlər zamanı şəhid olan Azərbaycan döyüşçülərinə aid olduğu bildirilir. Bəlli olduğu kimi, 1-ci Qarabağ müharibəsi zamanı həm Milli Qəhrəman Şirin Mirzəyevin könüllülərdən ibarət batalyonu, həm daha sonra Azərbaycanın nizami ordu hissələri Qarabağın bu strateji əhəmiyyətli yüksəklikləri uğrunda döyüşlər aparıblar, bu zaman yüzlərlə Azərbaycan hərbçisinin şəhid olduğu məlumdur.

İndi aşkara çıxarılan qalıqlar göstərir ki, erməni işğalçıları o zaman həm döyüş meydanında həlak olan hərbçilərin, həm qətlə yetirilən mülki şəxslərin meyitlərini harada gəldi kütləvi məzarlarda basdırıblar. Bu isə Cenevrə konvensiyasının, beynəlxalq humanitar normaların pozulması idi.

1-ci Qarabağ müharibəsində 4 minə yaxın Azərbaycan vətəndaşı (hərbçilər və mülki şəxslər) indiyədək itkin düşmüş sayılır. Ermənistan hakimiyyəti uzun illər boyu onların taleyinə aydınlıq gətirməkdən imtina edib. Amma təxmin edilirdi ki, itkin düşmüş hesab edilənlərin bir qismi sağ ola bilər və onlar Ermənistanda əsirlikdə saxlanılırlar, qalanları isə kütləvi məzarlarda basdırılıblar. Hansı ki, həmin kütləvi məzarların bir neçəsinin  yerlərini 44 günlük müharibədən sonra azad edilmiş ərazilərdə hərbçilərimiz aşkara çıxarmışdı.

Fərrux kəndi ətrafında aşkarlanan insan qalıqları: onların 1-ci Qarabağ müharibəsi zamanı şəhid olan azərbaycanlı hərbçilərə aid olduqları bildirilir…

Məsələn, 1992-ci ilin aprelində Kəlbəcər rayonu işğal ediləndə erməni işğalçıları rayonun Başlıbel kəndində 12 dinc sakini (qadınlar, uşaqlar və yaşlılardan ibarət olmaqla) qətlə yetirmişdi. Həmin dinc sakinlərin basdırıldıqları kütləvi məzarlıq ötən il hərbçilərimiz tərəfindən aşkarlanıb. Onların dini qaydalar əsasında öz doğma torpaqlarında yenidən dəfn edilməsi təşkil olunub.

1992-ci ilin aprelində Kəlbəcərin Başlıbel kəndində qətlə yetirilən qadın, uşaq və qocaların basdırıldığı kütləvi məzarlıq. 12 dinc sakinin qalıqları 30 il sonra aşkara çıxarıldı və dəfn olundu…

Habelə  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların işi üzrə Dövlət Komissiyasının İşçi qrupunun topladığı ifadə və materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində də kütləvi məzarlıq aşkarlanıb. Bu kənddə 1-ci Qarabağ müharibəsi zamanı erməni yaraqlıları əsir və girov götürdükləri azərbaycanlıları saxlayıb, onlara amansız işgəncələr verib. Qətlə yetirdikləri əsir və girovları isə quyularda basdırıblar.  Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdakı qalıqların identifikasiyası üçün proses başladılıb.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Azərbaycan prezidenti İlham Əliyev 1-ci Qarabağ müharibəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirilməsi tələbini humanitar məsələlərin həll edilməsi kontekstində həm Ermənistan qarşısında qoyub. Həm bu məsələni beynəlxalq təşkilatların nümayəndələri qarşısında qaldırıb.

Edilli kəndində aşkarlanan kütləvi məzarlıq

Belə ki, İlham Əliyev  BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Ermənistanın itkin düşən şəxslərin taleyi ilə bağlı Azərbaycan tərəfinə məlumat verməli olduğunu deyib.

“Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb”, – Azərbaycan prezidenti bildirib.

2022-ci il fevralın 4-də isə məsələ Azərbaycan, Ermənistan və Avropa İttifaqı rəhbərliyi arasında keçirilən danışıqların gündəmində yer alırdı. Həmin gün  Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən danışıqlarda dövlət başçısı 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələsini qaldırıb.

Azərbaycan tərəfinin məsələni dəfələrlə bir çox beynəlxalq platformalarda və yüksək səviyyəli təmaslarda qaldırmasının nəticəsi olaraq Ermənistan tərəfi bəzi kütləvi məzarlıqların yerləri barədə məlumatları təqdim etməli olmuşdu.

Erməni tərəfinin bu məsələdə əməkdaşlıqdan uzun illər boyu yayınmasının səbəbi aydındır. Çünki kütləvi məzarlıqlarda təkcə itkin düşmüş hesab edilən minlərlə azərbaycanlının qalıqları deyil, həm də ermənilər tərəfindən törədilən  müharibə cinayətlərinə dair dəlillər yer alır. Bu dəlillərin üzə çıxarılması hərbi cinayətlərin üstünün açılması üçün təkzibedilməz hüquqi əsaslar yaradır. Belə cinayətləri törədənlər isə gec-tez öz əməllərinə görə cavab verməli olacaqlar.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button