BAKI İSTİNTAQ TƏCRİDXANASINDA MƏHBUS VƏ TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏRƏ İŞGƏNCƏLƏR VERƏN CAVİD GÜLƏLİYEVİ KİM HİMAYƏ EDİR?

Bir müddətdir ki, 1 saylı Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevlə bağlı mətbuata ciddi məlumatlar daxil olur. Onun haqqında ilk vaxtlar siyasi məhbus Ülvi Həsənli cəmiyyəyyəti məlumatlandırıb.

Gözləmək olardı ki, təxminən bir neçə ay əvvəl bir siyasi məhbusun həbsxanadan verdiyi siqnal düzgün dəyərləndiriləcək və qanun çərçivəsində müəyyən ölçülər götürüləcək. Lakin bu gün də Cavid Güləliyevin məhbus və təqsirləndirilən şəxslərə qarşı işgəncə və zorakılıq əməllərini davam etdirməsi Bakı İstintaq Təcridxanasında heç nəyin dəyişmədiyindən xəbər verir.

Cavid Gülalıyev kimdir?

Onun haqqında nə Ədliyyə Nazirliyinin, nə də Penitensiar Xidmətin rəsmi internet portalında heç bir məlumat yoxdur. Ümumiyyətlə, bu adamın səlahiyyətli biri olaraq şəxsiyyəti bildirilmir. Bir məhbusa işgəncə verərkən “mən kişinin bacısı oğluyam, filankəsin yox!” deyərək Etibar Pirverdiyevin bacısı oğlu olduğunu öz dili ilə etiraf edən Cavid Gülalıyev pentensiar sistemdə yenidir. Cəmi 30 yaşı var. Amma etdiyi əməllərdən görünür ki, karyera pilləsində yüksəklərə doğru irəliləmək niyyətindədir.
Cavidin sözün əsl mənasında dayısı sabiq “Azenerji”nin sədri, ya da “Azenerji”nin sabiq sədri Etibar Pirverdiyev kimdir və o indi haradadır, nə işlə məşğul olur? Mətbuatda yayılan xəbərlərə görə Etibar Pirverdiyevin yenidən vəzifəyə gətirilməsi üzərində işlər aparılır. Onun əvəzedilməz kadr olması ilə bağlı prezidentə təqdimatlar verilir. O da öz növbəsində hakimiyyətin müəyyən qruplarına etibarlılığını sübut etmək üçün bacısı oğlunu və onunla yanaşı bir neçə adamını dövrəyə buraxıb. Bakı İstintaq Təcridxanasında terror əsdirən Cavid Güləliyev artıq Bakı istintaq təcridxanasının ən populyar adamına çevrilib. Yaxşılıq etmir, xeyirxah da deyil, yanlış anlaşılmasın, onun belə işlərlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Cavid Güləliyev zorbalığına, kobudluğuna, saymazlığına, təqsirləndirilən şəxslərə işgəncə verdiyinə görə populyardır. Adam sözün bütün mənalarında Bakı İstintaq Təcridxanasında (BİT) terror əsdirir. Yetənə yetir, yetməyənə də bir daş atır. Kimi hədəf götürdüsə, həmin adamı ən ağır işgəncələr gözləyir. Penitensiar xidmətin belə hallara tez-tez rast gəlmək olur. Özünü böyük sayan zabitin hədəflədiyi dustaq ona cavab qaytara bilməz. Kimsə hüququnu bildisə, cavab qaytardısa bir anın içində 15-20 əməkdaş bir yerə toplaşır və həmin dustağı “nəfəsi kəsilənə qədər” döyürlər. O ayrı məsələdir ki, bu 15-20 nəfər dərhal haradan bir araya gəlir, yerdənmi çıxırlar, göydənmi düşür, bilinmir…
Cavid Güləliyev indi Kürdəxanıda tam bunu edir. Onun iştirakı ilə növbəti hadisə 2024-cü il dekabrın 19-da yaşanıb. O, jurnalist Ramin Məhəmmədoğlu Qurbanova qarşı kobudluq edib. Qondarma ittihamlarla həbsdə saxlanılan Ramin Qurbanov Cavid Güləliyevin cavabını qaytarıb, hüququnu müdafiə edib və onu təmkinli olmağa çağırıb. Cavid kitelini çıxararaq (o tez-tez belə hərəkətlər edir), “mən bu paqonu gəzdirmərəm!” deyə Raminin üstünə gəlir və dərhal azı 20 əməkdaş da ona yardım edir. Ən təhqiramiz ifadələrdən istifadə edərək bu 20-21 əməkdaş Ramini döyməyə, yerlə sürüməyə başlayır. Bütün bu hadisələr 5-10 dəqiqə içərisində BİT-in 5-ci korpusunun 1-ci mərtəbəsində hamının, digər təqsirləndirilən şəxslərin gözlərinin qarısında baş verir. Jurnalist Ramin Qurbanov xəsarət alır, dodaqları şişir, qanayır və onu nəzarət kamerasına salırlar. Hadisələr bununla bitmir. Cavid Güləliyevin qışqırtısı-bağırtısı, başına 20 nəfərlik dəstə yığıb həbsdə olan jurnalisti döyməsi, ona işgəncə verməsi korpusu ayağa qaldırır. Raminin saxlanıldığı kameradan etirazlar gəlir, çünki Ramini necə döydüklərini kamera yoldaşları kameranın “kormuşka”sından aydınca görürlər. Raminin kamera yoldaşı Anar Əliyev etiraz edir: “Nə üçün Raminə işgəncə verirsiniz?” deyə, Cavid Güləliyevin mütəşəkkil işgəncə dəstəsi kameraya hücum çəkir, kameranın qapısını açır, güc və zor tətbiq edərək Anar Əliyevi etiraz etdiyinə görə döyə-döyə dəhlizə çıxarırlar və onu da Ramin kimi təpikləyərək, sillələyərək və sürüyərək korpusdan aparırlar. Əldə etdiyimiz səhih və etibarlı məlumatlara görə Anar Əliyev, Qubad İbadoğlu işində həbs olunan və hazırda məhkəməsi davam edən siyasi məhbuslardan biridir.
Hadisə baş verəndən sonra Cavid Güləliyevin kitelini bir tərəfdən, paqonlarını da digər tərəfdən toplayıb aparırlar. Maraqlıdır ki, tez-tez paqonlarını çıxarıb gücünü təqsirləndirilən şəxslərin üzərində sınayan bu zorbanın paqonlarını niyə hələ sökməyiblər?
Sual yarana bilər ki, bəs Bakı İstintaq Təcridxanasının rəhbərliyi hara baxır? Rəis Elnur İsmayılov təcrübəli rəhbərdir. O, bütün təcridxananı və “siyasi məhbus” qaynayan bu “dustaq ocağı”nı yola verə bilir. Ancaq nə hikmətdirsə, Cavid Güləliyevlə bacara bilmədiyini söyləyir. Jurnalist Ramin Məhəmmədoğlunun və Anar Əliyevin müvafiq orqanlara dəfələrlə etdikləri müraciətlərə və göndərdikləri teleqrammlara cavab verilmir. Həm Ədliyyə naziri Fərid Əhmədova, həm Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova, həm də müavin Fikrət Qafarova olunan müraciətlərdən xəbər yoxdur. Hələlik, Cavid Güləliyevin bu cəsarəti kimlərdən aldığı dəqiq deyil, məlum olan odur ki, onun arxasında dayanan dayısı bu rəhbər vəzifəli adamlara nə kimi təzyiq edə bilir. Təcridxanada özündən vəzifəcə və rütbəcə aşağı olan və yuxarı olan hər kəsə yuxarıdan aşağı baxan, heç kimə hörmət etməyən bu “Dəli Domrul” yaxın ətrafı vasitəsilə xəbər-şaiyə yaydırır ki, “yaxın vaxtlarda Elnur İsmayılov vəzifəsindən gedəcək” və “Elnur İsmayılovun yerinə Cavid Güləliyev gələcək”.  Cavid Güləliyev kimi özünübilməz birisinin BİT-ə rəis gəlməsi, BİT-in onsuz da aşağı olan nüfuzunu daha da sıfırlaya bilər.
Hadisənin üstündən bir aya qədər vaxt ötüb. Hadisə korpusun dəhlizində və “104” deyilən komanda mərkəzinin yanında baş verib. Bütün kameralar işlək vəziyyətdə olub. Nə jurnalist Ramin Qurbanovu, nə də Anar Əliyevi həkimlər müayinə etməyiblər. Kameralar açılmayıb, cinayətlərini bu yolla ört-basdır etdirməyə çalışıblar.
Son zamanlar Penitensiar Xidmətdə aparılan bəzi müsbət istiqamətli islahatların birilərini narahat etdiyi dəqiqdir.
Cavid Güləliyev kimi səlahiyyət verilən adamlar deyəsən, bu islahatları özünəməxsus tərzdə qavrayırlar. Bütün korpusun gözünün qarşısında 15-20 əməkdaşla təqsirləndirilən şəxsləri basıb döyən bir zabit cəzalandırılmırsa, həkimlər xəsarətləri müəyyən etmirsə, kameralar açılıb günahkarlar müəyyən edilmirsə, daha da pisi “adam döyən cavidlər” heç nə olmamış kimi işlərinə davam edib ətrafa qıcıq verirlərsə, deməli, bu hadisədən həm də təxribat iyisi gəlir.
Elnur İsmayılov bacara bilmirsə, Fikrət Qafarov var. O da bacara bilmirsə, Mirsaleh Seyidov var, o da bacarmırsa təzə və təcrübəli nazir Fərid Əhmədov var. Yox, Cavid Güləliyevin qarşısını alacaq heç kim yoxdursa, o zaman yaşasın Etibar Pirverdiyev!

Bu hadisədən təxminən bir neçə ay əvvəl siyasi məhbus Ülvi Həsənlinin ictimailəşdirdiyi məktubunda yazılır:

Bu yazıda sizə 1 saylı Bakı İstintaq Təcridxanası istintaq yox, işgəncə təcridxanası olmağından bəhs edəcəyəm.

Əvvəlcə onu qeyd edim ki, işgəncələrlə bağlı dəfələrlə Penitensiar Xidmətin rəhbərliyinə, təcridxana rəhbərliyinə, Ombudsmana müraciət etsək də, ciddi tədbir görülmədi. Ondan sonra qərara gəldim ki, şahidi olduğum, eşitdiyim işgəncə və qeyri-insani rəftar hallarının qeydiyyatını aparım və 6 aylıq kiçik bir hesabat hazırlayım.

2023-cü il noyabrın 20-də həbs olundum. Noyabrın 22-dən xalq arasında “Kürdəxanı həbsxanası” kimi tanınan Bakı İstintaq Təcridxanasında saxlanılırıq. İlk həftələrdə şikayətlərlə bağlı tez-tez məhkəmələrə getdiyimizdən hadisələrdən çox da məlumatlı deyildim. Dekabrın 20-dən sonra sistemli işgəncə hallarını eşitməyə başladım. Bu ilin yanvarından işgəncə faktlarını saymağa başladım.

Əvvəlcə işgəncələrin sadəcə səslərini eşidirdim: sillə, təpik, yumruq, dubinka, söyüş, təhqir. Sonra isə qeyri-insani rəftar və işgəncə hallarını öz gözlərimlə görməyə başladım: döymək (üzdə, bədəndə ciddi xəsarətlər), məhbusu qandalla korpuslarda dəmir barmaqlıqlar olan arakəsmələrdən asmaq (yuxarıdan asmaq, ortadan qandallamaq, lap aşağıdan bağlamaq), günlərlə beton döşəmə üstündə yatızdırmaq, məhbusu yerdən bir əlini çarpayının baş tərəfindəki, digərini isə aşağı tərəfdəki ayağına qandallayıb gecə 12 saat saxlamaq, məhbusu başı aşağı əllərini və ayaqlarını dəmir barmaqlıqlardan qandalla asmaq və dubinka ilə döymək, dustağı yerə yıxaraq üstünə çıxıb döymək, tapdalamaq, əlil, xəstə olduğunu deyən adamları döymək, saç-saqqalı qırxmaq, söyüş, təhqir, hədələmək…

Məhbuslara işgəncə adətən səhər saat 9-10 arası verilir. Hansısa qaydanı pozduğuna görə, yaxud da cinayət törətməkdə şübhəli bilinərək saxlanılan məhbusları etiraz edib haqqını tələb etdiyinə görə axşam və ya səhər gətirib korpuslardakı “kars”lara salır, “reşotka” arakəsmələrə qandallayırlar. Səhər təxminən saat 10-da isə müavinlər gəlib həmin məhbusları döyməklə, hədələməklə, təhqir etməklə cəzalandırmağa başlayırlar.

İşgəncələr Penitensiar Xidmətin idarəçilik normasına çevrilib. Təsəvvür edin, səhər oyanıb yemək yeməyə, yaxud kitab oxumağa başlayırsan, bir də görürsən qışqırtı, işgəncə səsləri də başlayır. Bu yolla həm dustağı cəzalandırırlar, həm də digər məhbusların gününü zəhər edib onlara da dolayısı ilə “dərs verirlər”.

Etiraz edirsən, Ombudsmanın divarlara vurduğu “İsgəncəyə yox!” şüarını qışqırırsan, müavinlər gəlib təəccüblə soruşurlar ki, “Nə məsələdir?” Mübahisə, etiraz, narazılıq… Sonra sakitlik yaranır. Üç-beş gün fasilə verilir, ondan sonra eyni ssenari yenidən təkrarlanır.

1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovla müavinləri zorakılıq hallarına haqq qazandırmaq üçün deyirlər ki, döyülənlər problemli məhbuslardır. Guya onları döyməsələr, təcridxana idarəolunmaz hala gələr. İdarəçilikdə səriştəsizliklərini bununla ört-basdır etməyə çalışırlar.

Martın 13-də Penitensiar Xidmətdən Rövşən adlı əməliyyatçı-polkovnik gəlmişdi. 1976-cı il təvəllüdlü bu şəxs xidmət rəisi general Mirsaleh Seyidova birbaşa ona məruzə etdiyini və onun tapşırığı ilə görüşə gəldiyini dedi. Söhbətimiz beş saata yaxın davam etdi. Onun bir saatını işgəncələrdən danışdıq. Mən deyirdim, olmaz, işgəncə cinayətdir, o isə işgəncə, qeyri-insan rəftar hallarına haqq qazandırırdı. Rəhbərlik istəməsə, ciddi nəzarət etsə, dustaqlara sistemli işğəncə verməyə hansı zabitin, yaxud həbsxana işçisinin cəsarəti çatar?
Hər dəfə etiraz edəndə həbsxana rəhbərliyi işgəncənin, döyülmənin, söyüşün, təhqirin legitim və haqlı tədbir olduğunu israrla təkrarlayırlar. Bütün koridorlarda Ombudsmanın 916 qaynar xətti və Azərbaycan və ingilis dillərində “İşgəncəyə yox!” (“No to torture!”) şüarları vurulub. Məhbuslara işgəncələr isə elə bu plakatların altında verilir. Hər həftə, bəzən də ardıcıl hər gün işgəncələr davam edir. Bəzən bir nəfər, bəzən də 10-15 nəfər birdən döyülür.

Üç mərtəbədən ibarət səkkiz korpusun hər birində qanunsuz karserlər düzəldiblər. Birinci mərtəbələrdə bu karserlər 28 saylı kameralardır. Mənim saxlandığım 8-ci korpusun 28-ci kamerası isə düz bizim kamera ilə üz-üzədir. Gecələr döyüləcək dustaqları gətirib ora bağlayırlar, səhər isə rəis müavinləri – əsasən də polkovnik-leytenant Ceyhun Hacıyev və kapitan Cavid Güləliyev həmin məhbusları cəzalandırmağa başlayırlar.

Kapitan Güləliyev yenicə birinci müavin təyin olunub. O, buna qədər nəzarət-rejim şöbəsinin rəisi idi. Görünən odur ki, 30 yaşlarında olan Güləliyev karyera pillələrini çox sürətlə qalxır.

Səhər 10-un yarısı idi. Yenə dəhlizdə qışqırıq, səs-küy qalxdı. Cavid Güləliyev kapitan olduğunu deyən İlkin Babayev adlı bir məhbusu döyürdü. Eşitdiyim dialoq belə idi:

İlkin Babayev:

-Xahiş edirəm, vurma. Ayaq üstə dayana bilmirəm.

Cavid Güləliyev:

-Mən elə döyə-döyə, vura-vura birinci müavin olmuşam.

İlkin Babayev:

-Dayana bilmirəm! Sən də kapitansan, mən də kapitanam. Vurma! Tanıyıram səni, Etibar Pirverdiyevin bacısı oğlusan.

Cavid Güləliyev:

-Kişinin bacısı oğluyam da, (söyüşlə) filankəsin bacısı oğlu deyiləm ki!

Yenə döyülmə, söyüş, təhqir…
Bəli, bu, həmin Etibar Pirverdiyevdir ki 2018-ci ildə “Azərenerji”nin prezidenti olanda hər yerdə işıqlar sönüb ölkə qaranlığa qərq olandan sonra vəzifəsindən qovuldu. Onda dayısı ölkəni zülmətə qərq etmişdi, indi də bacısı oğlu Bakı İstintaq Təcridxanasını işgəncəyə qərq edib.

Bir dəfə də Elnur İsmayılovun müavini Ceyhun Hacıyev məhbuslardan birini yıxıb ayağının altına döyürdü. Müavin cüssəli adamdır, 2 metr boyu var. Çəkisi də 110-120 kq olar. Məhbus isə onun bir ayağı boyda idi. Sırada isə 7-8 nəfər döyülmə növbəsini gözləyirdi. Nəzarətçilər tələm-tələsik məni kameraya qaytardılar ki, baş verənləri görməyim.

Aprelin 10-da Orxan adlı məhbusu gecə gətirib bizim korpusun dəmir barmaqlıqlarına qandalladılar. Blogger olduğunu deyən Orxan bildirdi ki, kamerada vəziyyət acınacaqlıdır, əl-üz yuyan belə yoxdur. Buna etiraz edib haqqını tələb edəndə gətirib “reşotka”ya bağlayıblar. Orxan səhərə qədər orada qaldı. Səhər isə Ceyhun Hacıyev onu ənənəvi qaydada döyüb cəzalandırdı.

Oxşar hadisə mayın 23-də də baş verdi. Avtomobil qəzasına görə həbs olunan bir nəfəri korpusa qandalladılar. O da qışqırır, zarıyırdı. Bu tipli cəzalar ikitərəflidir. Həm “reşotka”ya vurulan məhbus, həm də korpusda saxlanılan digər 100-150 məhbus səs-küylə, gecə vaxtı qışqırtılarla cəzalandırılırlar. Hətta ikinci mərtəbədə saxlanılan siyasi məhbuslar deyir ki, qışqırtı, sillə-təpik, işgəncə səsləri onların saxlandıqları kameralarda da eşidilir.

Mayın sonu idi. Axşamtərəfi yenə karsa bir məhbus gətirdilər. Məhbusun üzünün sol tərəfi tamamilə gömgöy göyərərək şişmiş, qan tuluğu içində idi. Bu, Abdullayev soyadlı, 25-30 yaşlarında, idmançı görünüşlü, 95-100 kilo çəkisi olan məhbus idi. Onu bizim korpusdakı karsda çarmıxa çəkilmiş şəkildə döşəmənin üzərində çarpayının ayaqlarına qandalladılar və 12-13 saat səhərə qədər o vəziyyətdə saxladılar.
Həbsxanada məşhur işgəncə verənlərdən biri də Pərviz Quliyev adlı gizirdir. O, 4-cü korpus, 1-ci mərtəbənin “starşina”sıdır. Onun xüsusi işgəncə forması var. Pərviz dustaqları dəmir barmaqlıqlardan başı aşağı, ayaqları və əllərini qandalla bağlayıb tərs formada çarmıxa çəkir, sonra da dubinka ilə döyür.

Qayıdaq korpuslardan karsların qanunsuz olması məsələsinə.

Yeni təyin olunmuş ədliyyə naziri Fərid Turab oğlu Əhmədov mayın 10-da təcridxanaya gəldi. Onun gəlişinə bir neçə gün qalmış ciddi hazırlıq, təmir-rəngləmə işləri getdi. Bu işlər çərçivəsində həmin karserlərin dəmir barmaqlıqlı qapılarının üstünə digər kameralarda olduğu kimi bağlı, nəfəsliyi olan qapı vurdular. Qapıların üstünə isə “Anbar” yazdılar. Yəni, Penitensiar Xidmətin rəhbərliyi yeni naziri bu şəkildə aldadıb.

Yəni, 28 saylı kameralardakı karslar qanunsuz olaraq özbaşına şəkildə yaradılıb. Korpuslardakı bütün 28-ci kameralar həqiqətən də qanuni karser idisə, niyə yeni nazir təcridxanaya gələndə onların qapısı bağlanıb üstünə “anbar” yazıldı? Bütün bu qanunsuzluqlar və özbaşınalıqlarla bağlı ciddi araşdırmalar aparılmalı, cavabdeh şəxslər cəzalandırılmalı, sistemli işgəncələrin qarşısı alınmalıdır.

“Kürdəxanı” təcridxanasının işgəncə kralları bunlardır:

Ceyhun Hacıyev (polkovnik-leytenant)
Cavid Güləliyev (kapitan)
Pərviz Quliyev (gizir)
2024-cü ilin ilk altı ayı ərzində 58 işgəncə və qeyri-insani rəftar halı qeydə almışam. Bunlar hələ ki, təkcə mənim saya bildiyim, şahidi olduğum hallardır. İndi təsəvvür edin, müvəqqəti saxlanma təcridxanalarında və həbsxanalarda işgəncə və pis rəftarın miqyası hara çatır. Çünki bu hallar təkcə mənim saxlanıldığım 8-ci korpusda yox, digər korpuslarda və mərtəbələrdə də baş verir.

Cavid Güləliyevin cinayətkar əməlləri, o cümlədən həbsxanalarda baş verən işgəncələrlə bağlı daxil olan məlumatların ardı-arası kəsilmir. Məsələnin aktuallığını nəzərə alaraq, bu sahədə araşdırmalarımızı davam etdirəcəyik. Məsələ ilə bağlı həm Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin, həm də adı çəkilən şəxslərin də mövqeyini ictimailəşdirməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button