
Fəzail Ağamalı Vahid Əhmədovu hədəfə çıxardı: İntizam Komissiyası qərar versin!
Vahid Əhmədovun məsələsinin İntizam Komissiyasında müzakirəyə çıxarılması təklif olunub

“Bu yaxınlarda hörmətli həmkarımız xoşagəlməz müsahibə ilə çıxış etdi, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpdi”.
Bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deputat həmkarı Vahid Əhmədov barəsində bildirib.
Fəzail Ağamalı qeyd edib ki, onu narahat edən əsas məsələ millət vəkilinin Azərbaycan dövlətçiliyinə qərəzli münasibətidir: “O, ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Belə çıxır ki, uzun illər həyata keçirilən sosial siyasət heç bir nəticə verməyib. Onun bu müsahibəsi Milli Məclisin nüfuzuna da xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”.

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında əleyhinə səslənən fikirlərlə bağlı söz alaraq münasibətini bildirib:“”Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm”
V.Əhmədov deyib ki, ona qarşı çıxışlara kim göstəriş verib, onu da bilir. “Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orda da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orda dövlətin, millətin yanında olan insanam”.
Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib. Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm”-deyə reaksiya verib.

Ziyafət Əsgərov Vahid Əhmədovun Türkiyə haqqında fikrilərinə kəskin irad bildirib “Vahid müəllim müsahibəsində deyir ki, Azərbaycanda hamının gözü var, İranın gözü var, Fransanın gözü var, Rusiyanın gözü var, Türkiyənin gözü var”. Bunu Milli Məclisin bugünkü iclasında deputat Ziyafət Əsgərov deyib. “Yaxşı, İranı başa düşdüm, Rusiyanı da başa düşdüm, Fransanı ruslar demiş “tem bolee” başa düşdüm, Türkiyənin burada nə gözü var? Bu həmin Türkiyədir ki, müharibə vaxtı “F-16”-larını saxladı burada, halbuki təlimə gəlmişdilər. Onlar burada, aeroportda gözlədilər, digər dövlətlərə mesaj verildi ki, hünəriniz var, Azərbaycana hücum edin, “F-16”-ları göydə görəcəksiniz. Bu, qardaşdır e! Qardaş, dost, müttəfiq haqqında belə söz demək olarmı, Vahid müəllim? Vallah yaramaz! Siz dəfələrlə deyirsiniz ki, “Mən dövlət adamıyam”, dövlət adamı dövlətin yanında olmalıdır, Mehman Hüseynovun, AXCP-nin, Müsavatın, İranın, Rusiyanın yox”, – deyə Ziyafət Əsgərov deputat Vahid Əhmədov barəsində danışarkən bildirib.



