
Əvəz Zeynallının məhkəmə prosesi başladı
Növbəti məhkəmə iclası mayın 18-də saat 15.00-a təyin olundu.
7 aydır ki, əsassız olaraq deputat Gülər Əhmədova tərəfindən şərlənərək həbs olunan və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi başladı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmənin hazırlıq iclasında tərəflərin vəsatətləri dinlənildi və rəsmi olaraq hakimə təqdim edildi.
Əvəz Zeynallının həbsində maraqlı qüvvələr var
Əvəz Zeynallı isə öz növbəsində bildirdi ki, onun həbsində ermənipərəst qüvvələr maraqlı olduğundan əgər məhkəmənin tərkibində bu millətə mənsub nümayəndə varsa, o zaman könüllü olaraq işdən kənarlaşdırılmasını tələb etsin. Əks təqdirdə zaman-zaman məhkəmənin tərkibi haqqında müəyyən məlumatlar aydınlaşacaq və çıxılmaz durum yaranacaq: “Mənim həbsimdə bir tərəfi erməni millətinə bağlı adamların ümumi maraqları var. O baxımdan da əgər məhkəmənin tərkibində erməni millətindən olan varsa onun prosesdən könülü olaraq kənarlaşdırılmasını tələb edirəm. Əgər belə olmazsa haqqımda çıxarılacaq qərarın da ədalətli olmayacağını indidən söyləmək mümkündür”.
Vəkil Elçin Sadıqov ilk olaraq Ə.Zeynallı həbs olunandan dərhal sonra Baş Prokurorluğun yaydığı rəsmi bəyanata etiraz etdiklərini bildirdi. Onun sözlərinə görə, belə bir bəyanat Ə.Zeynallı haqqında mənfi rəy yaratdığından Azərbaycan məhkəmələrinin və eləcə də hakimlərin prosesi ədalətlə aparacaqlarına şübhə yaradır: “Cinayət işi üzrə icraata baxılmasına xitam verilməsi və işin prokurorluğa qaytarılmasını tələb etdik. Ona görə ki, istintaq zamanı müdafiə hüququmuz kobud şəkildə pozulmuşdu. Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadığovun iştirakı nəticəsində mən müdafiəmdə olan Əvəz Zeynallı ilə konfedensial şəkildə görüşə bilməmişdik. Hər dəfə bizim sənədlərimizə baxış keçirilirdi və hər görüşdə də otağımız güdülərək, dinlənilirdi. İstintaq başa çatandan sonra da Elxan Sadığov məhkəməyə hazırlaşmaq üçün Əvəz Zeynallı ilə mənim görüşümə icazə vermədi. Bu məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara şikayət etmişik, bu gün də məhkəmə qarşısında bu məsələni qaldırdıq. Təssüf edirəm ki, hakim də hələ onu qəbul edə bilmir ki, vəkil müdafiə etdiyi şəxslə məhkəmədən sənəd almadan görüşməlidir. Bunun özü böyük hüquq pozuntusudur. Digər vəsatətlərimiz də işin baxılması ilə əlaqədar oldu. Məhkəmə bildirdi ki, həmin vəsatətlərin baxılmasına yekun müşavirədə qiymət verəcəkdir. Ancaq biz hesab edirik ki, həmin vəsatətlərə ayrı-ayrılıqda baxılmalı idi”.
Növbəti məhkəmə iclası mayın 18-də saat 15.00-a təyin olundu.
Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 19-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən müddətdə G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Bununla yanaşı, Ə.Zeynallıya qarşı ittihamlar özünü doğrultmadıqca işə yeni cinayət maddələri də əlavə edilir: 1. Ədliyyə Nazirliyinin Ə.Zeynallı haqqında guya məhkəmə qərarlarının icrasına əməl etməməklə bağlı ötən ilin oktyabr ayında qaldırdığı CM-nin 306-cı maddəsi və Ə.Zeynallının guya vergidənyayınması ilə bağlı daha bir maddə əlavə olunub.
Hüquq müdafiəçiləri Ə.Zeynallı haqqında qaldırılan bütün ittihamların heç bir əsası olmayan absurd ittihamlar olduğunu bildirib və onun həbsində hakimiyyətin ali səlahiyyət sahiblərinin maraqlı olduğunu diqqətə çəkib. Baş redaktor ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.
Hazırda dünyanın ən nüfuzlu jurnalist və insan haqlarının müdafiəsi təşkilatları Ə.Zeynalının həbsini pisləyir və bunu Azərbaycanda müstəqil mətbuata və azad sözə edilən təzyiq kimi qiymətləndirir.
XuralTAC




