
ƏVƏZ ZEYNALLININ HÜQUQLARININ MÜDAFIƏ KOMITƏSI MƏTBUAT KONFRANSI KEÇIRƏCƏK
10.07.2013
İyulun 11-də saat 12.00-da Repotyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) Media Mərkəzində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının hüquqlarının Müdafiə Komitəsinin mətbuat konfransı keçiriləcək.
Tədbirdə Ə.Zeynallının həbsilə əlaqədar yaradılmış Preventiv Cavab (Təhqiqat) Qrupunun hesabatı dinləniləcək. Həmçinin Ə.Zeynallının vəkillərinin, yerli və beynəlxalq jurnalist və insan haqlarının müdafiə təşkilatlarının nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında əsassız ittihamlarla və peşə fəaliyyətilə bağlı həbs olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Mətbuat Günü” ərəfəsində azad olunması üçün müvafiq orqanlara ediləcək müraciətlər müzakirə olunacaq.
Ə.Zeynallı rəsmi olaraq artıq 21 aydır ki, həbsdə saxlanılır.
Məlumat üçün bildirək ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcu dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.
Baş redaktor barəsində 6 ay müddətində istintaq araşdırması, 11 ay müddətində isə məhkəmə araşdırılması aparılıb.
Yerli və beynəlxalq jurnalist və insan haqlarının müdafiə təşkilatları Əvəz Zeynallı haqqında qaldırılan ittihamları əsassız sayır və hökmlə razılaşmır. Onlar hesab edirlər ki, Ə.Zeynallı yüksək rütbəli məmurları tənqid edən yazılarına görə, siyasi sifarişlə həbs edilib.
Qeyd edək ki, 2013-cü il fevral ayının 13-də G.Əhmədovanın özü həbs olunub. Respublika Prokurorluğunun rəsmi məlumatına əsasən, keçmiş millət vəkili Gülər Əhmədova barədə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla DƏLƏDUZLUQ) və 307.2-ci (Qabaqcadan vəd etmədən AĞIR CINAYƏTI GIZLƏTMƏ) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxs kimi məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Bu ittihamlar sübut olunacağı təqdirdə Gülər Əhmədova əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
XuralTAC




