
Əvəz Zeynallı vəkili Elçin Sadıqovdan imtina etdi
“Xural” TV-nin və “Xural.com” saytının rəhbəri Əvəz Zeynallının barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Bu barədə jurnalistin xanımı Məlahət Zeynallı məlumat yayıb.
“Əvəz Zeynallı bildirir ki, özünə qarşi ittihamların tamamilə əsassız və saxta olması səbəbilə istintaqda heç bir ifadə verməyib və heç bir sənədi imzalmayıb. O vurğulayır ki, onun tamamilə günahsız olduğunu elə aparılmış istintaqın iş materialları da təsdiq edir. Ancaq təəssüflə qeyd edir ki, iş materialları ilə tanış olarkən, illərdir onun vəkili olmuş Elçin Sadıqovun verdiyi ziddiyyətli ifadələrdən sarsılıb. Xüsuslə, Elçin Sadıqov həm azadlıqda olduğu zaman, həm də ilkin saxlanılan zaman öz iradəsi ilə Əvəz Zeynallıya pul vermədiklərini, baş verənlərin peşə fəaliyyətləri ilə əlaqədar təzyiq olduğunu bildirdiyi halda, həbs edildikdən və ev dustaqlığına buraxılandan, istintaq altında olandan sonra tamamilə fərqli və ziddiyyətli ifadələr verib. Baş redaktorun sözlərinə görə, bunun nəticəsidir ki, istintaq Elçin Sadıqovun vəziyyətinin və “əməlinin” yüngülləşdirilməsi istinqamətində müəyyən güzəştlər edib və onu ev dustaqlığına buraxıb. Bütün bunlar, həmçinin digər həqiqətlər məhkəmə istintaqında tam çılpaqlığı ilə ortaya çıxacaq”.
Məlahət Zeynallı əlavə edir ki, Əvəz Zeynallı bütün bu nüansları nəzərə alaraq, Elçin Sadıqovla hüquqi xidmətlə əlaqədar bağladığı bütün müqavilələri ləğv etdiyini bəyan edir:
“Məlumdur ki, illərlə Elçin Sadıqov həm yerli məhkəmələrdə, həm də Avropa İnsan Haqları Məhkəməsində Əvəz Zeynallının vəkili olub. Əvəz Zeynallı onun bütün növ hüquqi xidmətindən imtina etdiyini, həmçinin bu işlərlə əlaqədar Elçin Sadıqova verdiyi bütün növ etibarnamələri ləğv etdiyini ictimaiyyətin diqqətinə çatdırır”.



