Əvəz Zeynallı: “Təxribat da törədərlər, dava da salarlar, adam da vurarlar…”

Xural.com saytının baş redaktoru Əvəz Zeynallı bu gün Orxan Baxışlının məhkəməsində iştirak edib və təəssüratlarını “DİQQƏT ORXAN BAXIŞLIYA!” başlığı ilə özünün facebook səhifəsində yazıb. Statusu olduğu kimi təqdim edirik:

“DİQQƏT ORXAN BAXIŞLIYA!
Bu gün Orxan Baxışlının məhkəməsində iştirak etdim. Bir güc-bəla içəri keçə bildik. Hansı seçim idi, hansı kriteriya idi, bilmədim, amma içəri keçəndə heç olmasa 10, bir az da səmimi oturulsa 15 boş yerin olduğunu gördük. Kimə dedik, “bizlik deyil” dedilər. Həm məhkəmə nəzarətçiləri, həm nadzorlar. “Dilləri var, ağızları yox”, sanki bir robot dəstəsidirlər. Kimsə heç nə bilmir, kimsə heç bir cavab vermir. Bir düyməyə, bir sözə, bir işarəyə bağlıdırlar. Təxribat da törədərlər, dava da salarlar, adam da vurarlar, hər şey də edərlər.
Nə illah elədik, içəri adam buraxdıra bilmədik. Eləcə, 15 nəfərlik yer boş qala-qala məhkəmə keçdi. Şahidlər gəlməmişdilər. Namiq adlı gənc bir adam gəlmişdi. Məlum oldu ki, heç Orxanı tanımır. Onu Cavid parkından götürməyə gedəndə görüb. Amma nə hikmətdirsə Orxan onu polis bölməsinə gedənə qədər görməyib. Bu cavan oğlan Orxanın bölmədə arandığını və üstündən narkotik maddə çıxdığını dedi. Orxan da məntiqli cavab verdi: “Üstümdə narkotika olsa, niyə 3 saat cibimdə daşıyırdım, sizdən xahiş edər, tualetə gedər, orada bir yerə atardım, ağlım yoxdur?” Cəmi 6 aydır işə girən, hətta fəaliyyət göstərdiyi ərazini belə doğru-dürüst tanımayan Namiq etiraf etdi ki, 28-ci bölmə Bakı şəhər Baş Polis İdarəsi ilə birlikdə əməliyyat qurub. Bu əməliyyatla da Orxan həbs olunub.
Bugünkü prosesdə də şahidi oldum. Bir daha əmin oldum. Bir daha bəyan edirəm ki, kiməsə hansısa əməliyyat qurulursa, proses siyasidir deməli. Əməliyyat qurulursa, bir ictimai-siyasi fəal – hər kim – əvvəldən nəzarətə götürülürsə, onun telefonları dinlənirsə, onun üçün əməliyyat qrupu qurulursa, adam siyasi məhbusdur. O zaman həbsxanadan Ştrasserə yazmışdım: “Proses siyasidirsə, deməli, məhbus da siyasidir!” Orxanın prosesi siyasidir. Hələ atasına 2017-ci ilin axırlarında deyiblər ki, oğlun ehtiyatlı olsun, tutulacaq. Ona mən də bir neçə demişdim ki, tutula bilər. Hamı deyirmiş. Deməli, proses siyasidir. Siyasidirsə, Orxan şərlənib deməli. Şərlənibsə, daha polislərin nə deməyinin heç bir əhəmiyyəti yoxdur. Bu qədər!
Allah Orxanın qapısını açsın! Bu dəfə “rus ruleti”nə o düşdü! Amma kaş ki, həqiqətən dediyi sözlərə görə həbs olunaydı, o zaman ağrılı olmazdı!
Orxanın növbəti məhkəməsi sentyabr ayının 6-na, saat 15.00-a təyin olundu. İştirak etmək lazımdır…”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button