
Əli Həsənov: «Azərbaycanlı şairlərin tezliklə azadlığa buraxılacağını düşünürük»
Onun fikrincə, münasibətlərin mövcud vəziyyətə gəlməsində bəzi anti-Azərbaycan və anti-İran dairələri mühüm rol oynayıblar: «Bu iki dövləti bir-birinə qarşı qoymaq, bir-birinin üzərinə istiqamətləndirmək və onların arasında münasibətləri korlamaq, təəssüflər olsun ki, bəzi geosiyasi dairələrin, bəzi rəsmi və qeyri-rəsmi dairələrin maraqları çərçivəsindədir. Buna görə də, İran dövlətinin xüsusi elçisinin Azərbaycana gəlişi və cənab Prezidentin xüsusi olaraq İrana dəvət edilməsi, bu dəvət ətrafında ünvanlanan məktubdakı çağırışlar, düşünürük ki, bu dövlətin Azərbaycanla qarşıdurmadan çəkilmək meylini nümayiş etdirir. Əlbəttə, bu qarşıdurma bu gün müxtəlif səviyyələrdə gedir, o cümlədən iki azərbaycanlı gəncin İranda həbsi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Düşünürük ki, yaxın zamanlarda bu gənclərin azad olunması baş tutacaq. Xarici İşlər Nazirliyi və digər dövlət qurumları beynəlxalq hüququn, o cümlədən İranla Azərbaycan arasındakı hüquqi normativ sənədlərin imkan verdiyi bütün vasitələrdən istifadə edirlər. Düşünürük ki, bu məsələ tezliklə öz həllini tapacaq».
Xatırladaq ki, İrana səfər etmiş iki gənc Azərbaycan şairi Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseyn Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs ediliblər. Həbsdən bir qədər sonra Azadliq Radiosuna Şəhriyarın atası Hacı Mayıl Hacıyev belə bir məlumat vermişdi ki, ” Şəhriyarla Fərid İrana aprelin 29-da gediblər. Mayın 1-də oğlum Marağadan mənə zəng etmişdi. Ertəsi gün yerli vaxtla saat 23 00-da isə onlar Təbriz-Bakı avtobusuna minib Azərbaycana qayıtmalıydılar. Mayın 2-də onlar Təbrizdə İmişlidən olan 2 nəfərlə rastlaşıblar. Bunlar Şəhriyarın keçmiş məktəb yoldaşları olub. Dördü birlikdə həmin gün Təbrizi gəziblər.
Həmin 2 nəfərin avtobusu Şəhriyargilkindən 4 saat sonra çıxmalı imiş. Axşam Şəhriyargil “Koka-kola” almaq üçün bu iki nəfərdən aralaşıblar. Elə bu vaxt 5-6 nəfər mülki geyimli şəxs onları həbs ediblər. Şəhriyargili maşına oturdublar ki, “bizimlə gedəcəksiz”. Şəhriyargil də deyib ki, “icazə verin çantamızı götürək”. Bundan sonra mülki geyimlilər maşınları sürüblər bunların yoldaşlarının yanına. Onları da həbs ediblər. Amma o iki nəfəri sonradan azad ediblər. Düzdür, əvvəlcə qaldıqları otel otağında axtarış aparıblar, sənədlərini aparıb yoxlayıblar. Amma gecə saat 2-də onların sənədlərini qaytarıblar və onlar da Azərbaycana qayıdıblar. Şəhriyargilin həbs edilməsi xəbərini də onlar mənə çatdırıblar. Dediklərinə görə, onları həbs edənlər dövlət adamlarına oxşayırmışlar. Çünki otel otağında axtarış aparanda otel işçisinə deyiblər ki, “müdirə deyin, filankəs gəlmişdi”. Demək ki, müdir onları tanıyırmış. Yəqin ki dövlət idarəsindən olan adamlar imiş. Şəhriyar əvvəllər İranda 6 dəfə olub. Ağır xəstə olan anasını müalicəyə aparıb”.
İran azərbaycanlı şairlərin saxlanma səbəblərini bu günədək açıqlamır. Azərbaycan Xarici İşlər Nazirliyi bununla əlaqədar İrana bir neçə dəfə rəsmi nota verib.




