
Əli Əliyevin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi hiddət doğurdu
VİP -nın Mətbuat Xidməti partiya sədri Əli Əliyevin xüsusi ittiham qaydasında məhkəməyə verilməsilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
“Azərbaycan hakimiyyəti prinsipial müxalifət mövqeyində dayanan Vətəndaş və İnkişaf Partiyası (VİP) və onun sədri Əli Əliyevə qarşı təzyiq kampaniyasını davam etdirməkdədir. VİP-in və Əli Əliyevin fəaliyyətində hər hansı qeyri-qanuni element aşkarlaya bilməyən hakimiyyət bu dəfə VİP sədrinə qarşı qondarma ittiham üzrə məhkəmə araşdırmasına başlamaq üçün hərəkətə keçib.
Belə ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov VİP sədri Əli Əliyevə qarşı Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Artıq 2021-ci il dekbarın 21-də hakim Hüseyn Səfərovun sədrliyi ilə Yasamal rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası təyin olunub. Emil Cəfərov VİP sədrindən şikayət ərizəsində bunları qeyd edib:
“Əliyev Əli Nadir oğlu 09.12.2021-ci il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Osmanqızı TV” youtube kanalı vasitəsilə (https://www.youtube.com/watch?v=pDoaCUmi-Vg) “bizim dindirilən və vertolyot qəzasında olması iddia edilən zabitlərimizin o halı bir qədər inandırıcı deyil, üzündə heç bir cızıq olmayan, yalnız qolunun sınması ilə xilas olmuş zabitin olmasına mən sadəcə olaraq inanmıram, huşunu itirmiş, 3000 metrdən düşmüş insanın yaddaşı pozulmalıdır, üçündə heç bir cızıq, çapıq, əlamət olmaması, yalnız bazu və said sümüyünün sınması göstərir ki, inandırıcı deyil o adamın həmin vertolyotda olması. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz, onu yalnız, pilot-idarə edən şəxs pozuntunun nədən başlamasını, uçuşda olan problemin nəödən törəməsi ehtimalını irəli sürə bilər. Əslində bu xəsarət almış adamların o məsələyə vurğu etməsi bir daha göstərir ki, bu adamlar öyrədilmiş adamlardır” məzmunlu yalan məlumat yaydığına görə Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilsin və o, 6 ay müddətinə azadlıqdan əhrum etmə cəzasına məhkum edilsin”.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, Emil Cəfərovun şikayət ərizəsində guya Əli Əliyevə məxsus sitat kimi dırnaqda verilən hissə əslində, VİP sədrinin qeyd olunan verilişdə məlum helikopter qəzasına dair, əsasən, ehtimal üzərində səsləndirdiyi fikirlərin kobud şəkildə təhrif edilmiş və kontekstdən qoparılmış, eyni zamanda, məntiqi rabitənin qırıldığı söz yığınına çevrilmiş formasından başqa bir şey deyil. Emil Cəfərovun şikayət ərizəsinə guya Əli Əliyevdən sitat kimi daxil etdiyi vasitəsiz nitqdə verilmiş hissənin necə təhrif edildiyini əyani surətdə göstərmək üçün VİP sədrinin “Osmanqızı TV”dəki haqqında danışılan çıxışından həmin hissəni sözbəsöz təqdim edirik:
“Bizim dindirilən və vertolyot qəzasında olması iddia edilən zabitlərimizin o halı bir qədər inandırıcı deyil. Yəni həmin vertolyot partlayan zaman məndə məlumatlar var ki, həlak olmuş şəhidlərimizin nəşi tanınmaz halda olub. Çünki həmin o bak partlayan zaman orada ani çox böyük temperatur əmələ gəlir. İnsan toxumasının dözə bilmədiyi dərəcədə, yəni kül olmaq kimi bir nəticə ilə müşayiət olunan hərarət 1000 dərəcədən yuxarı temperatura qədər yüksələ bilir. Ona görə orada üzündə heç bir cızıq olmayan, yalnız qol sınması ilə xilas olmuş zabitin olmasına mən sadəcə olaraq, inanmıram. Bir versiya olaraq söyləyirəm. Məncə, bu, məsələnin birinci tərəfidir.
İkinci tərəfi ondan ibarətdir ki – bu versiyanın əleyhinə olan – 3 min metrdən düşmüş və huşunu itirmiş insanın o deməkdir ki, yaddaşı pozulmalıdır. O hadisələri xatırlamamalıdır, hadisədən əvvəlki anlar yadında olmamalıdır. Əvvəlki hadisələr yadında ola bilər. Uşaqlığı, nə bilim, hansı ailəyə məxsus olması-filanı ola bilər. Ancaq dərhal hadisədən sonra yaddaşın özünə qayıtması, o stressi keçirmiş adamın hətta gülümsəməsi, yəni üzündə heç bir cızıq, heç bir çapıq, heç bir əlamət olmadan qolunun sınması, körpücük sümüyüm deyirlər qırılıb, amma körpücük sümüyü deyil, yəni onun bazu və said sümükləri gipsə salınmışdı. Görsənir ki, bir qədər inandırıcı deyil o adamın həmin vertolyotda olması. Bu, məsələnin ikinci tərəfi.
Üçüncü tərəfi var məsələnin. Vertolyotun hansı səbəbdən partlaması və yaxud da qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz. Onu yalnız pilot, idarə edən şəxs pozuntunun nədən başlamasını və yaxud da ki uçuşda olan problemin nədən törənməsi ehtimalını irəli sürə bilər. Əslində, bu xəsarət almış adamların o məsələyə vurğu etməsi bir daha göstərir ki, bu adamlar öyrədilmiş adamlardır, ən azı öyrədilmiş adam kimi danışırlar. Çünki hələ bu günə qədər Azərbaycan hökumətinin rəsmi versiyası yoxdur, DSX-nın rəsmi açıqlaması yoxdur “qara qutu”nun oxunması ilə bağlı”.
Göründüyü kimi, Emil Cəfərovun ictimai rəyə sırımağa çalışdığı təhrifdən fərqli olaraq, Əli Əliyev həmin fikirlərində heç bir hökm vermir, özünün ehtimala əsaslanan mülahizələrini auditoriya ilə bölüşür. Bu isə heç bir halda qanun pozuntusu kimi qiymətləndirilə bilməz.
Vətəndaş və İnkişaf Partiyası (VİP) yuxarıda göstərilənləri əsas götürərək, bu məhkəmə araşdırmasını hakimiyyətin VİP-ə qarşı təzyiq kampaniyasının davamı, o cümlədən, ölkədə real müxalifətin susdurulmasına yönəlik növbəti cəhd kimi qiymətləndirir. VİP hakimiyyəti ölkədə vətəndaş həmrəyliyini sarsıdan və siyasi qarşıdurmanı gücləndirən bu kimi addımlardan imtina edərək, köklü islahatlara və o çərçivədə gerçək siyasi açılıma başlamağa çağırır”.



