
Əli Əliyev prezidentliyə namizəd oldu və açıqlama yaydı: “İstənilən an boykot qərarı verə bilərik”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 11 aprel 2018 ci il tarixdə keçiriləcək Prezident seçkilərində iştirakı barədə açıqlama verib. Partiyanın mətbuat xidmətindən xural.org-a daxil olan məlumatda deyilir:
28 may 2017-ci il tarixdə VİP növbəti IV Qurultayını keçirmişdir. Qurultay Nizamnamə və gündəlikdən irəli gələn bir sıra məsələləri həll etməklə yanaşı, həm də 2018-ci ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan Prezident seçkilərinə öz namizədi, VİP sədri Əli Əliyevin namizədliyini irəli sürmüşdür.
Ölkədə 26 sentyabr 2016-cı il Referendumundan sonra Konstitusiyaya edilmiş dəyişiklik fonunda baş verən hadisələr, hakimiyyətdaxili gərginlik barədə sızan məlumatlar, bölgə və dünyada baş verən qlobal hadisələr proseslərin fərqli məcrada gedə biləcəyi ilə bağlı ehtimalları gücləndirirdi. VİP hələ ötən ilin iyul-avqust aylarında növbədənkənar seçkilərin keçirilməsi və hakim partiyanın yeni namizədlə seçkilərə qatılacağı ilə bağlı ehtimalı səsləndirmişdi.
Hadisələrin inkişaf trayektoriyası təsdiq etdi ki, bu ehtimallarımızda tam da olmasa, qismən yanılmamışıq. Yanlış ondan ibarətdir ki, YAP yeni namizədi hələlik irəli sürməyib. Lakin çox böyük ehtimalla, bu baş verməsə belə, idarəçilikdə bu yöndə ciddi dəyişikliklərin şahidi olacağıq. Belə şəraitdə növbədənkənar seçkilərdə iştirak edib-etməmək məsələsi mühüm mahiyyətli müzakirə mövzusuna çevrilmişdir.
Biz də partiyada bu istiqamətdə müzakirələri 2 həftəyə yaxındır ki, aparırdıq. Dünən partiyanın Məclisi təxirə salınmış iclasını davam etdirərək, seçkilərdə iştirak haqqında qərar qəbul etmişdir. Qərar çox gərgin keçən müzakirələrdən sonra formalaşmışdır. Biz VİP olaraq seçkiləri boykot etmiş və seçkilərə qatılmamaq qərarı vermiş bütün tərəflərin mövqeyinə hörmətlə yanaşır, onların seçimini anlayırıq. Bu onların yolu və gəldiyi qənaətdir.
VİP-çilər hesab edirlər ki: – müxalifətin çox ibrətamiz 1998 və 2008-ci il Prezident seçkilərini boykot təcrübəsi var. Bu siyasətin nəticəsini cəmiyyətimiz “dadıb”. Fikrimizcə, prosesdən kənarda duraraq seçkilərə qeyri-legitimlik fonu vermək təşəbbüsünün nəticəsizliyini həm görmüş, həm də siyasi baxımdan legitimsiz siyasi institutun – Prezidentin imzaladığı sənədlərlə yaşamı qəbul etmək zorunda qalıb, faktı qəbul etmişik; – demək olar ki, 2013-cü ilin hüquqi və siyasi şərtlərindən əsasən heç nə ilə fərqlənməyən 2018-ci il seçkilərindən imtina az başa düşüləndir; – hesab edirik ki, seçkinin yaratdığı kommunikasiya imkanları cəmiyyəti maarifləndirmək, baş verənləri izah etmək, təslim olmadığımızı nümayiş etdirmək baxımından prosesdən kənar imkanlardan daha təsirlidir; -belə özünütəcridin düzgün olmadığını qeyd edirik. Bu tövr legitim hakimiyyət dəyişikliyi variantlarından imtina kimi qiymətləndirilə və cəmiyyəti qeyri-qanuni mübarizə vasitələrinə kökləyə bilər.
Bizə bəlli olmalıdır ki, onsuz da hakimiyyət könüllü şəkildə ölkəni demokratiyaya aparmayacaq, əksinə, belə davranış güclü olduqları zor müstəvisində yeni hərəkətlənməyə rəvac verəcək – əgər seçkidən imtina beynəlxalq ictimaiyyətin dəstəyinə hesablanıbsa, əvvəlki illərdə də, indi də beynəlxalq çevrələrin “simpatiyası” müəyyən səbəblərdən seçkilərdə iştirak tərəfindədir. Seçkilərdə iştirakın üstünlüklərini sadalamaqda davam etmək də olar. Ancaq düşünürük ki, deyilənlər kafidir.
Seçkidə iştirak qərarı verərkən, hansı qüvvə və düşüncə tərzi ilə üz-üzə olduğumuzu hesablamışıq. Bu idarəçilik fəlsəfəsinin alternativi və fərqliliyi qəbul etmədiyinin fərqindəyik. VİP-in yaranışından keçən 13 il ərzində YAP-ın bizi hər seçkidə “dışladığının”, bizim isə bütün proseslərdə prinsipial və birmənalı “tanımırıq” mövqeiyindən çıxış etdiyimizi hamı görüb.
Eyni münasibətin olacağını bu dəfə də istisna etmirik. Eyni zamanda istisna etmirik ki, proses boyu üzv və tərəfdarlarımıza təzyiq və təhdid ediləcəkdir. Proses zamanı sərbəst imza toplamaq, qeydiyyata alınmaq, alınarıqsa, təbliğat və təşviqat qurmaq kimi işlərdə maneçiliklərlə üzləşmək kimi təcrübəmiz genişdir.
Seçki zamanı belə acı təcrübənin şahidi olarıqsa, istənilən an seçki prosesini dayandırmaq və seçkiləri boykot etmək, əhalini bu prosesə təşviq etmək səlahiyyətini özümüzdə saxladığımızı bəyan edirik. Sonda hakim partiyanı zəiflətmək yolunda və imtina etmişlərin, həm də iştirak qərarı vermişlərin konsolidasiyasına ehtiyacın olduğunun altını cızırıq.
Fəaliyyətimizin koordinasiyası bütün müstəvilərdə zəruridir. Seçkilərə neytral münasibətdə olan, iştirak etməmək barədə qərar vermiş partiyaların bizim qərarı dəstəkləməyə, prosesə qatılmış müxalifət namizədlərinin isə qeydiyyat mərhələsindən sonra birgə fəaliyyət perspektivlərini bir daha nəzərdən keçirməyə çağırırıq. Tutduğu mövqeyindən asılı olmayaraq bütün müxalif siyasi qüvvələrə seçkilərlə bağlı uğur arzulayırıq.
Uca Allah xeyirlisi nədirsə, onu Millətə nəsib etsin.
Xural.com



