Əli Əliyev dördüncü dəfə təqsirləndirilir

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı yeni cinayət işi açıldığı bildirilir. Bu barədə həmin partiyadan məlumat verilib.

VİP-dən deyilib ki, Ə.Əliyev Cinayət Məcəlləsinin 127.2.3 (Ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs kimi tanınıb: “Əli Əliyevin qanunsuz həbs həyatı yaşadığı Bakı İstintaq Təcridxanasında onunla bir kamerada saxlanan şəxslə insident yaşaması və ona, guya, xəsarət yetirməsi iddiası ilə bağlı istintaq işi Sabunçu rayon Polis İdarəsində aparılır. İstintaqın gedişində şahid qismində ifadəsi alınan Əli Əliyev indi təqsirləndirilən şəxsdir”.

Yeni ittihamla Ə.Əliyevə 5 ilə qədər həbs cəzası verilə bilər.

Partiyadan bu ittihamı “qondarma” adlandırıblar: “Görünən odur ki, ölkənin siyasi hakimiyyəti onun yarıtmaz fəaliyyətini sərt, amma obyektiv və etik çərçivədə ardıcıl tənqid edən Əli Əliyevin əsaslandırılmış, təkzibedilməz faktlara söykənən təhlillərinə münasibətdə çarəsiz qalıb, VİP sədrini zərərsizləşdirməyin tək yolunu onu uzun müddət həbsdə saxlamaqda görür. Əks halda, artıq barəsində üç qondarma ittiham üzrə qanunsuz həbs qərarı çıxarılmış Əli Əliyevə qarşı dördüncü və növbəti qondarma cinayət işinin açılmasına ehtiyac qalmazdı”.

Bu məlumat ilə bağlı, hələlik, hüquq-mühafizə orqanları ilə danışmaq mümkün olmayıb. Amma Daxili İşlər Nazirliyindən “Turan”a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

VİP sədri Ə.Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə DSX-in digər zabiti Ramin Ədilovun da Əliyevə qarşı şikayətini təmin edərək cəzanın müddətini bir ay uzadıb.

İddialara səbəb Ə.Əliyevin 2021-ci il noyabrın 30-da DSX-ya məxsus Mİ-17 helikopterinin qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması barədə açıqlamasıdır. Ə.Əliyev hər iki hökmü rədd edərək həbsini “siyasi sifariş” adlandırıb. Məhkəmədə vurğulayıb ki, həmin şəxslərin helikopterdə olduğuna inanmır: “Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılanda adam 1000 dərəcə istilikdən o vəziyyətdə çıxa bilməz. Mən çıxışımda o adamların adlarını çəkməmişəm…”.

Ardınca – iyunun 23-də Yasamal Rayon Məhkəməsi Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini də təmin edərək Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb. Göyüşov iddia edir ki, onunla bağlı video sosial şəbəkələrdə yayılandan sonra VİP sədri də internet televiziyalarından birində onu təhqir edib. Əliyev isə bununla razılaşmır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button