Ələt Azad İqtisadi Zonasının açılışı olub

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə prezidentə məlumat verib. Bildirib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb.

Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə qəbul edilib, 2021-ci ildə isə prezident İ.Əliyevin iştirakı ilə onun təməli qoyulub.

Bildirilib ki, bu iqtisadi zonada investorlar üçün müəyyən imtiyazlar tətbiq edilir. Məsələn investorlar Əlavə Dəyər Vergisi (ƏDV), ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar.

Amma Azərbaycanda bir sıra müstəqil ekspertlər bu layihə ilə bağlı şübhələrini də dilə gətiriblər. Onların deməsinə görə, Azərbaycanda məhkəmələrin tam müstəqil olmaması və inhisarçılıq investisiya qoyuluşunu bir xeyli çətinləşdirir. Üstəlik, onlar ehtiyatlanır ki, belə layihələrdə hakimiyyət mənsublarına hansısa yaxınlıqları olan şirkətlər iştirak edə bilər.

İşadamı Nazim Bəydəmirli isə bir müddət əvvəl AzadlıqRadiosuna demişdi ki, belə zonalar “yerli oliqarxlar üçün yerli ofşora çevrilə bilər…”.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button