Əfqan Sadıqlı və Nurlan Lİbre həbs cəzası alıb

Yanvarın 4-də Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə blogger Mehman Hüseynovun azad edilməsi tələbi ilə aksiya keçirdiklərinə görə saxlanılan səkkiz nəfər ictimai fəalın məhkəsi olub.

AnTV.az-ın xəbərinə görə, prosesdə hökm oxunub.

Belə ki, saxlanılanlardan Səxavət Nəbiyev 20, Nurlan Qəhrəmanlı, Elimxan Ağayev 21, Əfqan Sadıqov 22 sutka inzibati həbs cəzası alıblar. Bundan başqa, Mətanət Mahmırzayeva, Pərvin Abışova 300 manat, Fərid Abdinov 400 manat cərimə olunublar.
Hakim Babək Qasımovun sədrlik etdiyi iclasda isə Fatima Mövlamlı 300 manat cərimə edilib.

Qeyd edək ki, aksiya yanvarın 3-də Bakının “Neftçilər” metrostansiyasının çıxışında keçirilib. Aksiya iştirakçılarından 20 nəfərə yaxını polis tərəfindən saxlanılsalar da, sonradan onların bir hissəsi sərbəst buraxılıb.
Belə ki, həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb. Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Xatırladaq ki, faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button