
Ə.Zeynallı yerli və beynəlxalq hüquq müdafiəçilərinə müraciət etdi
“Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı təqsirləndirilən şəxslərin hüquqlarının pozulması ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə, Ombudsman Elmira Süleymanovaya, eləcə də yerli və beynəlxalq hüquq müdafiəçilərinə, İnsan haqları Təşkilatlarının nümayəndələrinə müraciət etdi:
“Hörmətli cənablar və xanımlar!
Diqqətinizə çatdırmaq istəyirəm ki, hər il dövlət büdcəsindən ədliyyə sistemindəki çatışmazlıqları aradan qaldırmaq üçün milyonlarla manat pul vəsaiti ayrılır, böyük layihələrə imza atılır.
Lakin bu gün təqsirləndirən şəxsləri, məhbusları məhkəməyə gətirən “voronok”larda vəziyyət dözülməz haldadır. İnsanları sanki bu maşınlarda üst-üstə qablaşdırırlar. Elə bil at, qoyun daşıyırlar. Məhkəməyə ət-ətin üstündə gətirilən insanları boğulmaq həddinə çatdırırlar. İnsanların nədəsə günahlandırılması, məhkum olunması heç bir kəsə haqq vermir ki, onların insan haqlarını pozsun.
Bakı Ağır Cinayətlər məhkəməsinin zirzəmisində yerləşən Müvəqqəti Saxlama kameraları at tövləsini xatırladır. Bu gün də oradan at, qoyun qoxusu gəlir. Saatlarla bu kameralarda məhkəmənin vaxtını gözləməli olan təqsirləndirilən şəxslərə insan kimi münasibət bəslənilmir. Ayaqyolu keçmiş Sovet dönəmindən qalmış, heç bir sanitariya şərtlərinə uymayan vəziyyətdədir. İstənilən şəxs burada istənilən xəstəliyə məruz qala bilər.
Mən, cənab Mədət Quliyevi, xanım Elmira Süleymanovanı, eləcə də bütün yerli və beynəlxalq hüquq müdafiəçilərini, İnsan haqları Təşkilatlarının nümayəndələrini təqsirləndirilən şəxsləri gətirən “voronok”larla, zirzəmidəki kameralarla, ayaqyolu ilə tanış olmağa çağırıram. Belə bir şəraitlə dünyanın heç bir hüquq sistemində qarşılaşmaq mümkün deyil. İnsanla insane kimi davranmaq, onun hüquqlarını müdafiə etməklə yanaşı, həm də bu cür problemlərin aradan qaldırılmasına yönəlməlidir. Azərbaycanın işıqlı gələcəyi təkcə böyük layihələrə imza atmaqla yekunlaşmır, həm də bir çoxları üçün mənasız görünən bu cür problemlərin həllindən keçir.
Sizdən bu problemlərin aradan qaldırılması istiqamətində səlahiyyətlərinizdən istifadə edərək, səy göstərmənizi xahiş edirəm.
Hörmətlə, Əvəz Zeynallı
“Xural” qəzetinin baş redaktoru”
Hüquq müdafiəçiləri Elçin Behbudov, Emin Hüseynov, Mehman Əliyev, İntiqam Əliyev və digərləri bu çağırışa ciddi reaksiya verəcəklərini və vəziyyətlə şəxsən tanış olmağa çalışacaqlarını bildiriblər.
Qeyd: Təkcə ötən il Azərbaycan höküməti ilə Dünya Bankı (DB) arasında “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində $33,4 mln. məbləğində əlavə kreditin ayrılması haqqında saziş imzalanıb. DB-nın krediti iki mənbədən ayrılıb. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri əsasında 20 il müddətinə 5 illik güzəştli dövrlə $24,2 mln., daha $9,2 mln. Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) şərtləri əsasında 10 illik güzəştli dövrlə 20 il müddətinə verilir. Qalan $28 mln. məbləğində vəsaiti Azərbaycan höküməti ayırıb.
XuralTAC




