Ə.Zeynallı: “Baş prokurorluğun bu qədər olaydan, bu qədər korrupsiya faktından sonra Gülər Əhmədovanı həbs etməməsinə görə dili qısa olmalıdır” – VİDEO

07.11.2012 

“Hanı Gülər Əhmədova? Məhkəmənin səlahiyyəti çatmır ki, bu qadını bura gətizdirsin? Gəlsin mərdi-mərdanə üzəduranlığını axıradək eləyib getsin. Niyə qorxur? Nədən qorxur?”

Bu sözləri hazırda həbsdə saxlanılan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin növbəti iclasında səsləndirib.

Bir həftədir ki, baş redaktorun məhkəmə prosesi sabiq deputat Gülər Əhmədovanın şahid qismində məhkəməyə gəlmədiyi üçün təxirə salınıb. Bu dəfəki iclasda hakim Ramella Allahverdiyeva Gülər Əhmədovanın həkim nəzarətində olması səbəbindən məhkəməyə qatılmadığını təsdiqləyən rəsmi arayışı elan etdikdən sonra Əvəz Zeynallı əsəblərini cilovlaya bilmədi: “Necə olur ki, bu qadın universitetə dərs deməyə gedə bilir, hava limanında guya ki, qohumunu qarşılamaq üçün ora gedir, necə olur ki, “Mərkəz” qəzetinin redaksiyasında işlərini var-gəl etmək üçün orda peyda ola bilir, amma şər və böhtanı ilə həbs etdirdiyi bir adamın məhkəməsinə gəlmir? Kimə lazımdır, sizin bu cəfəngiyyatlarınız? Açıq aşkar etiraf edin ki, siz onu məhkəməyə gətirdə bilmirsiniz.” Prokuror Ramazan Hadıyevin bu məsələdə onlarlıq bir şey olmadığı barədə sadaladıqları fikirlərə, Ə.Zeynallı, “Baş prokurorluğun bu qədər olaydan, bu qədər korrupsiya faktından sonra Gülər Əhmədovanı həbs etməməsinə görə dili qısa olmalıdır. Necə olur ki, məhkəmə qarşısında bütün vətəndaşların eyni hüquqlu olduğunu gözümüzə təpirsiniz. Amma G.Əhmədova hakimiyyətin adamı olduğu üçün onu bu günə qədər həbs etməmisiniz. Onu cinayət məsuliyyətindən kənarda saxlamısınız? Ortada bir dənə də fakt olmaya-olmaya məni 1 ildir həbsdə saxlayıb, yoldan keçənləri üzümə dürquzursuz, amma bu qədər korrupsiya faktından sonra, heç nə olmayıbmış kimi, adamı azadlıqda saxlayıb, ona yeni hüquqlar tanıyırsınız? Bu necə olur? Mən dəfələrlə demişəm, yenə də təkrar edirəm. Məni Ramiz Mehdiyev həbs etdirib. Bu həbsin icraçıları da baş prokuror da daxil olmaqla, Gülər Əhmədova deputat səlahiyyətlərindən sui-istifadə edərək həyata keçirib. Mənim həbsimdə adı hallanan bütün hakimiyyətin səlahiyyətli qurumlarının rəhbərləri cavabdehlik daşıyırlar. Onlar hesabat verməlidirlər ki, necə olur?  Bu məmurlar vəzifələrindən istifadə edib, istənilən adamı tutdura bilərlərmi? Kim verib o səlahiyyəti onlara? Korrupsioner də özləridirlər, rüşvətxor da… Bunu artıq bütün ölkə bilir. Siz Əvəz Zeynallıdan nə istəyirsiniz? Susdurmaq üçün bura basmısınız? Mən burda da susmuram. O zaman üzəduranlarını gətirsinlər, axıra kimi üzə durub, işinin-gücünün dalınca getsin. Bəsdirin! Onsuz da siz də bilirsiniz, mən də bilirəm ki, sizin burada oynadığınız məhkəmə oyununun heç bir mənası yoxdur. Yuxarıdan nə tapşırıq alacaqsınızsa, o qərarı da çıxaracaqsınız. Heç olmasa bu oyunu guya qanunlara riayət edə-edə oynayın. Gülər gəlsin. Gəlməlidir! Mən bu sözləri ona görə rahatlıqla deyirəm ki, o deputat olanda da, bu məhkəmə zalında üzərimə əlindəki yelpiklə hücum çəkəndə də mən bu sözləri demişəm. Adam kimi, oğlunu necə bura göndərmişdisə, özü də ağlını başına yığsın və gəlsin. Nədən qorxur? Cəmi 5 sualım var. Əgər ona da cavab vermək iqtidarında deyilsə, o zaman niyə əvvəldən fikirləşmirdi ki, mən bu adamın, heç nədən üzünə durmayım, axırı yaxşı qurtarmayacaq?” Ə.Zeynallının “baş prokuror”a ünvanladığı ifadələr, “Ramiz Mehdiyev”in, “Əli Həsənov”un, “Kamran Əliyev”in, istintaqı “torba tikirmiş” kimi aparan müstəntiqin adını çəkməsi dövlət ittihamçısı tərəfindən narazılıqla qarşılandı və o, “siz nə qədər istəsəniz də məni hövsələdən çıxara bilməyəcəksiniz” desə də, “bəzdirin, təhqir etməyin. Sizin burada kimlərisə təhqir etmək hüququnuz yoxdur” kimi bəyanatlarına Ə.Zeynallı, “Nə vaxtdan bu adamların adını çəkmək təhqir hesab olunur? Mənim həbsim bir zəncir vasitəsilə həyata keçirib. Orada hamının adı var. İstəsəniz də, istəməsənz də o adlar bu işin içində olublar. İndi özümüzü müdafiə etməyək ki, bunlar nədi-nədi vəzifədədirlər? Bu lap pis. Onların hamısı ikiqat məsuliyyətə cəlb olunmalıdırlar.”

Hakim R.Allahverdiyeva Ə.Zeynallını şahidlərin məhkəməyə qatılacağı müddətə qədər ifadə verməyə çağırdı. Ə.Zeynallı bunu qanunsuz addım olduğunu, şahidlər tam şəkildə ifadə verib, qurtarmayana qədər onun ifadə verməyəcəyini sərt tərzdə bəyan etdi. Bu zaman dövlət ittihamçısının ,“Əvəz Zeynallı artıq ifadəsini verib” deməsi, təpki ilə qarşılandı. Ə.Zeynallı: “Deyəsən, əliniz hər yerdən üzüləndən sonra üzümə dayanacaqsınız ki, Ə.Zeynallı ifadəsini verib? Belə şey yoxdur. Sizin üzəduranlığınız məndə keçməyəcək. Siz qarşınızda kimin olduğunun fərqində deyilsiniz. Siz bir müstəil mətbuatın baş redaktorunu heç bir dəlil-sübut olmadan içəri basmısınız, indi fərqindəsiniz ki, nə etmisiniz” dedi. R.Allahverdiyeva dövlət ittihamçısı ilə yaranmış mübahisəyə son qoymaq üçün, “siz həbs olunan zaman telefonlarınızın götürülməsilə bağlı vəsatət qaldırmışdınız. Biz ikinci dəfə, təkrar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sorğu göndərdik, onlar bizə rəsmi cavab göndəriblər” söyləyərək, məktubu oxudu. Məlum oldu ki, KQMİ-nin rəisi K.Əliyevin imzası ilə məhkəməyə daxil oland sənəddə bildirilir ki, Ə.Zeynallı həbs olunan zaman ondan heç bir mobil telefon götürülməyib. Ə.Zeynallı, “Həyasızlığın bu həddini də gördük. Necə olur ki, məni həbs edəndən sonra, həbsimlə bağlı ilk informasiyanı mobil telefonumla özüm vermişəm? Əlimdən telefonlarımı alan Rəsulov Fuad Mirmehdi oğlunun adını da rəsmi olaraq bəyan etmişəm. İndi utanmadan deyirlər ki, telefonlarımı bunlar götürməyiblər. Onlar istintaqa saldıqları saxta SMS-lərə görə telefonları qaytarmaq istəmirlər. Saxtalıqlarının üstünün açılmasını istəmirlər. Hələ o da başqa bir məsələdir ki, Azercell niyə heç bir qanuni əsas olmadan, məhkəmənin qərarı olmadan  2011-ci ilin yanvarından, həbsimə qədər olan müddətdə bütün SMS və telefon zənglərini istintaqa açıqlayıb. Onlar bütün müştərilərinin məxfiliklərini belə qoruyurlar?” Ə.Zeynallının kəskin və sərt çıxışlarına hövsələsizlik nümayiş etdirən prokuror R.Hadıyevin, “Sizi də susdurmağın yolları var. Haqqınızda CPM 49-cu maddəsi ilə iş qaldırıla bilər” deməsi də baş redaktor tərəfindən hiddətlə qarşılandı: “Yaxşıdır vallah, əsəbləşəndə, özünüz oyunlarınızı açırsınız. Demək məni susdurmaq üçün bura atmısınız da… Mən də bunu deyirəm. Amma o maddəni mənim haqqımda qaldırmağa cəsarətiniz çatmaz. Sizin cəsarətiniz olsaydı, 5 aydır Gülər Əhmədovanı bu məhkəmə zalına gətirdərdiniz. Eləyə bilməmisiniz, o zaman siz susun! Sizin hamınızın dili qısadır. Qanunları tapdadığınız üçün qısadır. Mənim yanımda qısadır, qanunsuz həbs etdirdiyiniz üçün, məni susdurmağa qalxdığınız üçün… Gülər Əhmədovanı bu günədək, həbs edə bilmədiyiniz üçün qısadır. Bu qədər böyük danışmaq sizin səlahiyyətinizdən çox-çox yuxarıdır. Ona görə bəyanatlar verməmişdən əvvəl, ağalarınızla məsləhətləşin, onlar sizə yol göstərəcəklər”

Hakim R.Allahverdiyeva heç bir xəbərdarlıq etmədən məhkəmə zalını tərk edərək, prokuroru müşavirə otağına çağırdı. Aralarında anlaşılmaz tərzdə və yüksək qarışıq səslərlə gedən mübahisədən sonra katıb növbəti məhkəmə prosesinin noyabrın 14-ü, saat 14.00-a təyin olunduğu haqda məlumat verdi. Ə.Zeynallının, “Gülər bura gəlməsə, mən heç bir ifadə verməyəcəm…”, “Baş prokurorluğun bu qədər olaydan, bu qədər korrupsiya faktından sonra Gülər Əhmədovanı həbs etməməsinə görə dili qısa olmalıdır” kimi ciddi bəyanatlarına əsaslansaq, növbəti məhkəmə prosesində G.Əhmədovanın iştirak edəcəyini düşünmək olar.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button