“HAQQIN ÖZ YERİNİ TUTACAĞINA İNANMASAQ DA, ÜMİD EDİRİK”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının xanımı Məlahət Zeynallı “Media forum” saytının suallarını cavablandırıb.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur. Bu yaxınlarda ona xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma maddəsi ilə yeni ittiham da irəli sürülüb.

 Məlahət xanım, Əvəz bəyin istintaqı necə gedir?– İstintaq yekunlaşmaq üzrədir. Ötən 5 ayda iddia olunduğu kimi Əvəz bəyin kimlərdənsə hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb etməsi faktı özünü doğrultmadı. Əvəz bəy uzun illərdir mətbuatdadır və onun qaydalarını bilir, heç bir zaman mətbuatın adına xələl gətirəcək addım atmaz. Onun həbsi sırf böhtan xarakterli olduğu üçün istintaq işi uzadıldı, məcburən süründürüldü. Nəticəsi də göz qabağındadır. Onunla bağlı şikayətlərin, ittihamların, faktların heç biri özünü doğrultmayıb.

– Nə qərar gözləyirsiniz?

– Əvəz bəyin həbsi siyası sifariş olduğu üçün nəticəni də siyasi sifariş həll edəcək. Məsələnin heç bir məntiqli başlanğıcı yoxdur, ortada heç bir cinayət yoxdur, amma bir qəzetin baş redaktoru artıq 5 aydır ki, həbsdədir. Nəticə ilə bağlı dəqiq heç nə deyə bilmirəm. Elə özünə də müəmmalıdır. Ola bilsin ki, cəmiyyətin, yerli və beynəlxalq təşkilatların etirazı nəticəsində Əvəz bəy həbsdən azad olunsun. Təsir əks-təsirə bərabərdir. Siyasi təzyiqlər artdıqca jurnalist təşkilatlarının da bu məsələyə təsiri artacaq. O baxımdan bir az məsələnin dərinliyinə varsalar, onu ümumiyyətlə orada saxlamyacaqlar və bütün bu ittihamlar gözümüzün qarşısında əriyib gedəcək. Hamı yaxşı bilir ki, Əvəz bəy ciddi tənqidi yazılarına görə tutulub.

Müstəqil olduğu üçün həbs sifarişini verənlər elə bilirdilər ki, onu heç kəs müdafiə etməyəcək və bir jurnalistin bütün fəaliyyəti bununla da bitəcək. Çünki buna qədər jurnalistlərlə bağlı çox ciddi məsələlər olmuşdu və hamısının üstü bağlanmışdı. Ancaq onun mübariz bir insan olduğunu, beynəlxalq və yerli təşkilatların Əvəz bəyi müdafiə edəcəklərini hesablamamışdılar. Haqqın öz yerini tutacağına inanmasaq da, ümid edirik. Tələbimiz məhkəmələrin ədalətli keçirilməsidir. Əgər ədalətli məhkəmə olsa, Əvəz bəy azadlğa buraxılmalıdır.

– Həyat yoldaşınız Bakı İstintaq Təcridxanasında saxlanır. Vəziyyəti necədir, saxlanma şəraiti və səhhətindən hər hansı şikayəti varmı?

– Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Hazırda kitab yazır. Çox çalışır ki, məhkəməyə faktlarla çıxsın. Özü hüquq fakültəsinin məzunu olduğu üçün hüquqlarını necə müdafiə edəcəyini də yaxşı bilir.

Əvəz bəyin həbsindən sonra Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva “Xural” qəzetinə bir neçə yeni cərimə hökmü çıxardıb, özü də bizim iştirakımız olmadan. Əvəz Zeynallının qeydiyyatda olduğu ünvan məlumdur, onun vəkili Elçin Sadıqovu tanımayan yoxdur. Ən azı vəkilinə müraciət edilməli idi. Belə çıxır ki, kim nə vaxt istəsə şikayət edəcək və həmin hakim yenidən Əvəz bəyə cərimə kəsəcək. Biz məmur deyilik, korrupsioner deyilik, biznesmen deyilik, hazırda gəlir yerimiz də yoxdur. O qədər cəriməni necə ödəyə bilərik? Hakim bizə deyir ki, mən bu qərarı çıxarmışam, gedin apellasiya məhkəməsinə şikayət edin, mənim hökmümü ləğv etsinlər. Sanki meydan oxuyur bizə, səlahiyyətlərindən sui-istifadə edir.

Əvəz bəyin tutulmasında əsas rol oynamış Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı tamamilə aradan çıxarılıb. 2 ilə yaxın idi ki, bizim Ramiz Mehdiyevlə məhkəmə çəkişməmiz var idi. Onun göstərişi əsasında bütün məhkəmələr “Xural”ı ağlagəlməz məbləğlərlə cərimələndirdilər. Onun göstərişi əsasında “Xural” qəzeti bir gündə Mətbuat Şurası tərəfindən “reket” qəzet elan olundu. Redaksiyanın əmlakı daşındı, redaksiyanın ofisindən məcburən çıxarıldıq. Mətbəələr “Xural”ın çapından imtina etdilər. Yəni həbsə qədər Əvəz Zeynallı böyük siyasi təzyiqlərlə üzləşdi. Bu gün də Əvəz bəylə bağlı aparılan bütün istintaq materiallarından Ramiz Mehdiyevin adı bilərəkdən çıxarılıb.

Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ittihamı ilə cinayət işi Ramiz Mehdiyevin şikayəti əsasında açılıb. Eyni vaxtda Əvəz bəyin qardaşını və dayısı oğlunu işdən çıxarırlar. Bu sifariş deyil, bəs nədir? Bizə məhkəmədən sənəd gəlir ki, Ramiz Mehdiyevə cərimə ödəmədiyiniz üçün redaksiyada əmlak müsadirə olunur. Sonrakı gün müsadirə üçün gələn sənəddə isə Ramiz Mehdiyevin adı yoxdur. Yəni işin içindən onun adını çıxarıblar. Hazırda Nüşabə Ələsgərlini, Ağabəy Əsgərovu, Vüqar Səfərlini ortaya salıblar. Həmin 3 nəfər də dolayısı ilə Ramiz Mehdiyevə aid adamlardır.

– Əvəz bəyin həbsindən sonra ailənizdə hansısa çətinliklər yarandımı?

– Mən özüm də jurnalistəm, “Xural” qəzetində çalışırdım. Mən də daxil olmaqla hazırda əməkdaşlarımızın çoxu işsizdir. Təsəvvür edin ki, bir baş redaktorun həbs edilməsi neçə ailəyə ziyan vurdu. Hakimiyyətin Əvəz bəyə münasibətinə görə məni işə götürməkdən ehtiyatlanırlar.

Evimizdə iki azyaşlı qız uşağı böyüyür. Maddi problemlərdən daha çox mənəvi sıxıntılarımız var. İndi mənəvi dəstəyə daha çox ehtiyacımız var. 3 qadının arxasında durmağa ata və həyat yoldaşı lazımdır. Əvəz bəylə mən həm də silahdaş, həmkar olmuşuq. Bir ailəni belə vəziyyətə salmağa heç kimin ixtiyarı yoxdur. Yəqin ki, bunun cavabını verən tapılacaq.

– Qəzetin fəaliyyətini davam etdirmək üçün sizə yardım təklif edən olubmu?

– Əvəz bəyin həbsindən sonra ilk reaksiya Müsavat Partiyasının başqanı İsa Qəmbərdən gəldi. O bildirdi ki, partiyanın qərargahında “Xural” qəzetinə otaq ayıra bilərlər. Biz onun təklifini qəbul etdik. Doğrudur, indi qəzet çıxmır. Amma qəzetimizin əməkdaşları arabir ora toplaşır, Əvəz bəyin müdafiəsi ilə bağlı söhbətlər aparırlar, hansı yazıları hazırlamaq barədə müzakirələri də olur.

Biz bu gün də müstəqilliyimizi qoruyuruq. Qəzetimiz nə müxalifət, nə də iqtidar yönlüdür. Əvəz bəyi çox ciddi müdafiə edən partiyalar oldu. Lakin onlar da bildirdilər ki, yalnız bir jurnalisti yox, onun timsalında azad mətbuatı müdafiə edirlər. Məsələni fərdiləşdirmək düzgün deyil. Əvəz bəy azadlığa çıxdıqdan sonra qərarı özü verəcək. O, ilk gündən söyləmişdi ki, həbsdən hüquq müdafiəçisi kimi yox, jurnalist kimi çıxacaq, çünki jurnalist kimi həbs olunub. Yəni Əvəz bəy fəaliyyətini jurnalist olaraq davam etdirməkdə israrlıdır.

“Media forum”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button