
ƏVƏZSİZLİK
Qədim filosoflar insanı “danışan heyvan” adlandırırdılar. “Heyvan” ərəbcə “canlı” mənasına gəldiyindən bəzi mütəxəssislər bu tərifdə heç bir obrazlılıq axtarmamağın tərəfdarıdır. Onlara görə, insan həqiqətən də bir canlı olduğuna və danışa bildiyinə görə, filosoflar əslində adi bir həqiqəti ifadə ediblər.
Məncə isə belə deyil. Ona görə ki, “insan-danışan heyvandır”-deyən antik mütəfəkkirlər bu fikri ərəbcə deyil, öz dillərində ifadə ediblər. Qədim latın və ya yunan dilində “heyvan” sözünün ərəbcə olduğu kimi canlı mənasına gəlib-gəlmədiyini bilmirəm. Amma filosofların bu fikri ifadə edərkən hikmətamiz söz dediklərinə inanıram. Hikmətamiz söz demək ehtiyacını hesaba qatsaq, onların heyvan deyərkən ümumiyyətlə, “canlı” məfhumunu deyil, məhz bu gün bizim anladığımız dörd ayaqlı məxluqları nəzərdə tutduğunu dərk edə bilərik.
Insan və heyvan. Qədim filosoflar bu iki məxluq arasındakı fərqin dildən ibarət olduğunu bildirmək üçün belə demişlər. Təbii ki, söhbət maddi olaraq dildən getmir. Heyvanlarda da dil var, həm də bəzilərinin dili insan dilindən daha böyükdür. Heç ünsiyyət vasitəsi olaraq istidadə etdiyimiz dil də insanı insan edən, onu heyvanlardan ayıran əsas dəyər deyildir. Ona qalsa, heyvanlar da öz aralarında özlərinə məxsus səsləriylə əlaqə yarada, ünsiyyət qura bilir. Məncə “danışan heyvan” bənzətməsində söhbət mənəvi dəyərləri daşımaqdan, onun uğrunda ən dəyərli varlıqlarından keçməkdən gedir. Lazım gələndə düşüncələrinə görə Nəsimi tək dərisi soyulmaqdan, Mənsur Həllac kimi kimi min əzaba dözməkdən, İbrahim peyğəmbər kimi oda atılmaqdan qorxmayan insan danışan insandır. Həyatını belə daşıdığı dəyərlərə qurban verməkdən çəkinməyən insan yalnız adı böyük hərflərlə yazılan İNSAN ola bilər. Bir-biriylə ünsiyyət qurmağı yeri gələndə bizdən daha yaxşı bacaran heyvandan onu fərqləndirən əsas xüsusiyyət də məhz budur. Heç öz əqidəsi uğrunda əzablara sinə gərən, ölümü belə gözə alan heyvan adı eşidibsinizmi? Amma tarix bu cür insanlarla doludur. Məhz bu cür fədakar insanların hesabına da insanlıq öz layiq olduğu adını qazanıb.
Azad fikirlilik insanı insan edən əsas dəyər olduğu kimi millətləri millətə çevirən də məhz bu cür azad fikirli insanlardır. Məhz bu insanların hesabına milli mədəniyyətlər yaranır, millətlər müasirləşir, dünyada öz layiqli yerlərini tuta bilirlər. Tarixdə də yaşayanlar məhz bu cür şəxsiyyətlər olurlar. Bu gün biz böyük iftixarla Nəsimini yad edirik. Onun ölüm hökmünün hansısa hakimlər tərəfindən kəsildiyini və soyulduğunu bilirik. Lakin kimsə nə o hökmü kəsən hakimi, nə həmin hökmü kəsdirən hakimi-mütləqi, nə də insanlıq adına ləkə olan bu qərarı icra edənləri tanıyır. Yüzillər boyu hafizəmizdən çıxmayan Nəsimi iradəsi isə zaman keçdikcə cavanlaşıdığı kimi Nəsimi şeiri və düşüncəsi də bizim milli mentalitetimizi formalaşdıran əsas faktora çevrilib və çevriləcək də.
Nəsimi kimi insanların bizə buraxdığı ən böyük yadigar təkcə yaratdıqları əsərlər deyil, həm də onların qətiyyəti, əzmi, mübarizliyidir. Təsadüfi deyil ki, bu gün onun şeirlərindən bir misra belə bilməyənlər Nəsimini tanıyır və qəhrəmanlığından ağızdolusu danışırlar. Onun fikirlərini müdafiə etməyənlər belə mübarizliyinə hörmətlə yanaşırlar. Belə şəxsiyyətlərin bizə miras qoyduğu azad fikir uğrunda mübarizə əzmi həmişə olduğu kimi bu gün də Azərbaycan insanının ilham qaynağına çevrilir. Bu gün də Nəsimi kimi öz fikirləri uğrunda canından keçən Elmar Hüseynov kimi mərd düşüncə sahiblərimiz, azadlığını qurban verən Qurban Məmmədov, Qənimət Zahidov, Eynulla Fətullayev, Mirzə Sakit kimi vicdan məhbusu olmuş oğullarımız var. Onların öz mübarizələri ilə eyha etdikləri Nəsimi yolunun davamçıları indi də rejimin fərqliliyinə baxmayaraq estafeti biri-birinə ötürərək Azərbaycan məfkurəsini daim yaşatmağa çalışırlar və bu ocağı heç vaxt sönməyə qoymurlar. Belə şəxsiyyətlərdən biri də bu gün ad gününü barmaqlıqlar arasında qeyd edən Əvəz Zeynallıdır.
Məsləkcə hüquqşunas olan və xaricdə təhsil alan Əvəz Zeynallı ölkəmizin əsl azadlığı uğrunda mübarizə üçün qələmə sarılan ziyalılarımızdandır. Əvəzin rejim mənsublarına və onların yürütdüyü talançılıq siyasətinə qarşı qətiyyətli mübarizliyi təbii ki, bu gənc ziyalımıza baş ağrısı gətirəcəkdi. Bunu Əvəz də bilirdi. Həbs olunmamışdan əvvəl onun öz facebook səhifəsində repressiya qurbanı olan böyük şair Əhməd Cavadın “Susmaram” adlı şeirini paylaşdığını yaxşı xatırlayıram. Sanki Əvəz özünün repressiya olunacağını bilir və bu şeirlə cəlladlarına öz son sözünü deyirdi.
Əvəzin məhkəmə prosesində açıqladığı fikirlərindən aydın olur ki, o, nəinki həbsə məruz qalacağını, hətta öldürüləcəyini təxmin edirmiş. Amma yenə öz bədxahlarına Əhməd Cavadın “Susmaram” adlı şeiriylə mesaj göndərirdi. Bu elə ölümünü gözə alıb mübarizə aparmaq demək idi. Bəli, Əvəz yeri gələndə şəhid olmaqdan çəkinməyəcək qədər cəsarət sahibi idi. Onu sadəcə Nəsimi aqibəti yaşamaqdan qoruyan yeganə amil fədakar öz sələflərinin qanına bələnmiş zülm rejimlərinin artıq qana doymasıydı. Artıq bu cür mətin iradələr qarşısında dişinin sınması faktı idi.
Artıq bir ildən çoxdur ki, həm Azərbaycan mətbuatı, həm də ölkəmizin Nəsimidən üzü bəri estafeti bir-birinə ötürə-ötürə gələn fədailər ordusu sözün hər iki mənasında ƏVƏZsizlik həsrəti yaşayır. Bu zaman ərzində onun üzünə duranların, həbsinə fərman verənlərin içüzləri açılıb faş olmasına baxmayaraq rejim bu əvəzsiz insanı azadlığa buraxmaq istəmir, ona guya öz aləmlərində əzab vermək istəyirlər. Başa düşmürlər ki, Əvəz məhz bu cür problemlər yaşaya biləcəyini dərk edə-edə mübarizəyə girmişdi. Qarşılaşacağı repressiyaların hətta bundan daha betər ola biləcəyini belə gözləyirdi. Və rejimin ona qarşı atdığı heç bir addım bu əvəzsiz qəhrəmanı yolundan sapdıra bilməz. Xüsusilə onun öz qarşısına aldığı qüvvələrin ifşa olunaraq hakimiyyətlərinin laxladığı indiki zamanda.
Mən millətimizi millət edən fədailər ordusunun davamçısı Əvəzi ad günü münsaibəti ilə təbrik edir və bu yaxınlarda onun şərəfinə səsləndirdiyim qəzəllərimdən birini əvəzolunmaz dostuma hədiyyə edirəm.
Sənin üzünə qapıları bağlayanların millətin bütün hüquqlarını hərraca çıxaranlar olduğu artıq öz təsdiqini tapır, dostum. Bir az da səbr et. Bir gün o böyük Allah azadlıq qapısını sənin və uğrunda mübarizə apardığın millətinin üzünə açar və sənə bu zülmü qıyanları indi oturduğun müttəhimlər kürsüsündə əyləşdirər, İNŞALLAH.




