
Əvəz Zeynallının vəkillərinə “xüsusi qadağa”
Vəkil Elçin Sadıqov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan və hüquqlarını müdafiə etdiyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə heç bir qanuni əsas olmadan görüşə bilmir və bunu Əvəz Zeynallıya, onun vəkillərinə qarşı növbəti təzyiq vasitəsi hesab edir. Mayın 2-də Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıxov tərəfindən müdafiəçisi olduğu Əvəz Zeynallı ilə görüşə qadağa qoyulmasına etiraz əlaməti olaraq vəkil Elçin Sadıqov Azərbaycan Respublikası Penitensiar Xidmətin Rəisi Mədət Quliyevə, İnsan Hüquqları Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya şıkayət ərizəsi ünvanlayıb.
Məktubda bildirilir:
“Yazaraq bildirirəm ki, 28 oktyabr 2011-ci il tarixdə deputat Gülər Əhmədovanın ərizəsinə əsasən qanunsuz olaraq həbs edilmiş “Xural” qəzetinin baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlunun müdafiəçisiyəm. Bütün istintaq dövründə də Əvəz Zeynalovun müdafiəçisi olmuşam. 14 aprel 2012-ci il tarixdə bizə cinayət işi üzrə ibtidai istintaqın bitməsi elan edilib. İstintaq bitdikdən sonra əvvəkli orderim məhkəmə dövrünü də əhatə etməsinə baxmayaraq, 28.04.2012-ci il tarixli müqavilə ilə Əvəz Zeynalovun hüquqlarının məhkəmədə müdafiəsi üçün 000379 saylı, 28.04.2012-ci il tarixli order verilib.
01 may 2012-ci il tarixdə orderimi də götürüb Bakı Ağır Cinayətlər Məhkəməsinə getmişəm. Məhkəmənin dəftərxanasından bildiriblər ki, iş elə həmin gün, yəni 01 may 2012-ci il tarixdə məhkəməyə daxil olub və iş hələlik hər-hansı bir hakimə təyin edilməyib.
02 may 2012-ci il tarixdə saat 15.00 radələrində cinayət işinin materiallarının bəzilərinin (iş materiallarının bəzilərinin sürəti mənə verilib, həmin sənədlər Əvəz Zeynalovda yoxdur) sürətlərini götürüb Ə.Zeynalovla birlikdə tanış olub, müzakirə etmək üçün Bakı İstintaq Təcridxanasına çatdım.
Müdafiəm altında olan Zeynalov Əvəz Tapdıq oğlu ilə görüşmək üçün tələbnamə yazdım. Qeydiyyat şöbəsindən mənə bildirdilər ki, təcridxananın rəisi Elxan Sadıxov Əvəz Zeynallı ilə görüşməyə qadağa qoyub, gərək rəisin qəbuluna gedim. Rəis Elxan Sadıxovun qəbuluna getdim. Elxan Sadıxova yeni orderimi təqdim etdim. Elxan Sadıxov mənə dedi ki, gərək gedib Bakı Ağır Cinayətlər Məhkəməsinin işə baxan hakimindən razılıq məktubu alım, əks halda mənim görüşümə heç vaxt icazə verməyəcək. Sonra bildirdi ki, mən məhkəmənin hazırlıq iclasının qərarını da təqdim edə bilərəm ki, Əvəzlə görüşümüzə icazə versin.
Belə halın absurd və qanunsuz olduğunu, qanunla mənim heç kimdən razılıq almalı olmadığımı, işə hansı hakimini baxacağının müəyyənləşdirilmədiyini, bizim Əvəz Zeynallı ilə hazırlıq iclasına qədər görüşməyimizin vacib olduğunu, hazırlıq iclasına qədər lazımi vəsatətlərin hazırlanmalı olduğunu bildirdim. Elxan Sadıxov mənim qanuni tələblərimin heç birinə əhəmiyyət vermədi və qanunun tələbini pozaraq müdafiə etdiyim şəxslə görüşümüzün qarşısını qanunsuz üsulla aldı və bizi görüşmək hüququndan, öz müdafiəmizi hazırlamaq hüququndan məhrum etdi.
Əlavə olaraq qeyd edim ki, Elxan Sadıxov ibtidai istintaq zamanı qanunsuz olaraq Əvəz Zeynallı ilə görüş zamanı bizi dinlətdirmiş və bizim üzərimizi daimi qanunsuz olduğunu bilə-bilə yoxlatdırmış və biz müdafiə zamanı etdiyimiz söhbətlərin məzmununu sonradan istintaqdan eşitməyə öyrəşmişdik. Bununla bağlı Bakı 2 saylı İnzibati-İqtisadi Məhkəməyə 28 noyabr 2011-ci il tarixdə müraciət etsək də, bu günə qədər məhkəmə öz iclasını keçirməmişdir. Buna Elxan Sadıxovla Bakı 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin sədri cənab Rəşid Rzayevlə qohumluğu mane olmaqdadır və faktiki olaraq bütün qanunsuzluqları cəzasız qaldığına görə Elxan Sadıxov qanunlara məhəl qoymur və orada saxlanılan Əvəz Zeynallının hüququnu pozaraq vəkillə görüşməsinin qarşısını alır və vəkilləri qanunsuz olaraq müstəntiqlərdən, prokurorlardan və məhkəmələrdən “görüş” məktubu almağa məcbur edir. Halbuki qanunvericilikdə ümumiyyətlə “görüşə icazə verilməsi” anlayışı yoxdur. Ona görə ki, qanunvericilik Elxan Sadıxovun vəkilləri “görüş məktubu” almağa məcbur edə biləcəyini nəzərə almayıb.CPM-nin 92.1-ci maddəsinə əsasən cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz. CPM-nin 92.9.1-ci, 92.9.2-ci və 92.9.8-ci maddəsinə əsasən müdafiəçinin şübhənin və ya ittihamın mahiyyətini bilmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək hüquqları vardır.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində göstərilir;
Maddə 6 Ədalətli məhkəmə araşdırması hüququ 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. …
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:
a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;
b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;
d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırılması və dindirilməsi hüququna malik olmaq;
e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək.
Göstərilənlərə əsasən xahiş edirəm ki, mənim və Əvəz Zeynallının müdafiə hüquqlarının, vəkillə görüşmək hüququnun pozulması hallarının aradan qaldırılmasına və qanunsuz əməllərə yol vermiş Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıxovun məsuliyyətə cəlb edilməsinə köməklik edəsiniz.
Hörmətlə, Elçin Sadıqov”
XuralTAC




